İllər ötdü. Yuxarı siniflərdə Mirəlinin incəsənətə böyük marağı, rəssamlığa və heykəltəraşlığa meyli valideynlərin də, müəllimlərin də gözündən yayınmadı. Mirəli artiq özünə həyat yolu seçmişdi. Bu yol onu Azərbaycan İncəsənət məktəbinin heykəltəraşlıq şöbəsinə gətirib çıxardı. İncəsənət məktəbini “əla” qiymətlərlə bitirən Mirəli təhsilini davam etdirmək üçün Sankt-Peterburqdakı İncəsənət Akademiyasına daxil oldu.
Oğluna görə narahatlıq hissi ananı bir an belə tərk etmirdi. İndi o, Mirəli ilə yalnız məktubla əlaqə saxlaya bilirdi. Mirəli anasını sakitləşdirirdi: “Anacan, sən narahat olma, mən özümə nəzarət edirəm: danışıram və “dinləyirəm”, mənim çoxlu yaxşı dostlarım var”.
Təhsil illəri arxada qaldı. Mirəli Vətənə heykəltəraşlıq üzrə ali təhsil almış ilk azərbaycanlı kimi qayıtdı. Qarşıda onu gərgin əməklə, yaradıcılıq uğurları ilə dolu həyat gözləyirdi. Həyatda öz yerini tapmaq, sevimli peşəsinə yiyələnmək üçün Mirəli başqalarının rastlaşmadığı böyük maneələrə sinə gərməli oldu. Nəticədə onun yaratdığı əsərlər nəinki Azərbaycanda, eləcə də xaricdə yüksək qiymətləndirildi. 1955-ci ildə Varşavada keçirilən Gənclərin V Ümumdünya festivalında Mirəlinin “Qız portreti” əsəri bürünc medala layiq görüldü.
İndi Azərbaycanın xalq rəssamı, əməkdar incəsənət xadimi Mirəli Mirqasımovun yaratdığı heykəllər paytaxtımızın və başqa şəhərlərin küçə və meydanlarını bəzəyir, muzeylərdə nümayiş etdirilir. Onların arasında bir heykəl xüsusi yer tutur. Bu, yenilməz ana məhəbbəti və fədakarlığının təcəssümünə çevrilən “Ananın portreti” əsəridir.