1914-cü ildə “Leyli və Məcnun” operası Tiflisdə tamaşaya qoyulmuşdu. Böyük müvəffəqiyyətlə keçən tamaşada Leylinin ölümündən sonra pərdənin örtülməsinə baxmayaraq, alqış səsləri kəsilmirdi. Gürcüstanın ictimai xadimləri, incəsənət ustaları təbrik üçün səhnəyə çıxdılar. Tanınmış ictimai xadimlərdən biri artistləri alqışlayıb əllərini sıxdı. Növbə Əhməd Ağdamskiyə çatanda o, aktyoru qadın zənn etdiyindən zadəgan adəti ilə baş əyib əlini öpdü. Bu çətin vəziyyətdə Ağdamski özünü itirmədi, yüngül reveransla ictimai xadimə əlini öpməyə imkan yaratdı.
1920-ci illərin əvvəllərində Əhməd Ağdamski doğma yurduna - Qarabağa qayıdır. 1923-cü ildə burada teatr truppasının yaradılmasının təşəbbüskarı məhz o olur. Özü də tamaşaya qoyulan dram əsərlərində oynayır, maraqlı obrazlar yaradır. O zaman tamaşadan əvvəl, ya fasilədə musiqi parçaları səsləndirilirdi. Həmin tamaşaları görənlər söyləyirlər ki, Əhməd Ağdamskinin çıxışları xüsusi maraqla qarşılanırdı. Axı o həm də mahir tar ifaçısı idi.
1934-cü ildə Ağdaşa köçən Əhməd Ağdamski ömrünün son 20 ilini burada yaşayır. O, pedaqoji fəaliyyətlə məşğul olur, musiqi məktəbində tar dərsi verir. Həmin illərdə neçə-neçə istedadlı gənc məhz onun xeyir-duası ilə taleyini musiqiyə bağlayır.
Fədakarlığına, cəsarətinə, teatr tariximizdə çox ağır bir missiyanı illər boyu təkbaşına daşıdığına görə Azərbaycan teatrı Əhməd Ağdamskiyə çox borcludur. O, səhnəmizə Leyli kimi gəldi, lakin ömrünü Məcnun kimi yaşadı. Musiqimizin, mədəniyyətimizin, səhnəmizin və öz sənətinin Məcnunu kimi!