Sonra bir az da düşündüm və bir-birinin ardınca yazmağa başladım:
“Sinif qarşısında çıxış edərkən sərbəst ola bilmirəm”.
“Küsdüyüm rəfiqəmlə barışmaq istədikdə ilk addımı ata bilmirəm”.
“Aytən kimi rəqs etmək istəyərdim, ancaq bacarmıram”...
Artıq səhifənin yarısından çoxunu yazmışdım. Öz-özümə düşündüm: “Mənim nə çox zəif cəhətim varmış”. Başımı qaldıranda gördüm ki, başqa uşaqlar da çox ciddi şəkildə vərəqlərində qeydlər aparırlar. Hətta Günay müəllim də qarşısındakı vərəqdə nə isə yazırdı. Nəhayət, o dilləndi:
- Kifayətdir. Yazdığınızı imzalamağa ehtiyac yoxdur. Vərəqlərinizi iki qatlayın. Kim istəyirsə, yaxın dostu ilə vərəqini dəyişib onun yazdıqlarını oxuya bilər. Sonra hamı vərəqlərini bu qutuya qoysun.
Bunu deyib Günay müəllim masanın üstünə bir qutu qoydu.
Mən sinfə göz gəzdirdim. Öz zəif cəhətlərimi kimə etiraf edə bilərdim ki?! Birdən qarşımda Günay müəllimi gördüm. O, üzünü mənə tutub yavaşca dedi:
- Nigar, yazını mənimlə dəyişmək istəyirsən?
Əvvəlcə özümü itirdim. Sonra sevinc və qürur hissi duydum. Axı Günay müəllim öz zəif cəhətləri haqqında düşüncələrini mənimlə bölüşürdü. Vərəqlərimizi dəyişdik. Günay müəllimin yazdıqlarını oxuduqca sanki onu daha yaxından tanımağa başlayırdım:
“Başladığım elmi işi tamamlaya bilmirəm”.
“Bəzən həftələrlə anama baş çəkməyə vaxt tapa bilmirəm”.
“Oğlumu ərköyün böyüdürəm. Onunla kifayət qədər ciddi rəftar edə bilmirəm”.
“Sinfimdə ən qapalı uşaqlardan biri Oqtaydır. Onun qəlbinə yol tapa bilmirəm”...
Sonuncu olaraq vərəqi qutuya qoyan mən oldum. Gözüm müəllimə sataşdı. Biz başqalarından gizli sirri olan rəfiqələr kimi bir-birimizə baxıb gülümsədik.
Günay müəllim qutunun ağzını örtüb ayağa qalxdı və dedi ki, hamı onun arxasınca gəlsin. Biz hamımız maraq içində sinfi tərk edib məktəbin çıxış qapısına tərəf getdik. Yolüstü müəllim oğlanlardan birini təsərrüfat otağına bel dalınca göndərdi.