Ertəsi gün Üzeyir bəy evdən konservatoriyanın dəftərxanasına zəng vurub nə isə soruşur. Bununla əlaqədar kabinetin açarını xidmətçi qadına verirlər ki, gedib onun istədiyini gətirsin. Xidmətçi qadın qapını açıb içəri girir və cəld geri dönüb dəftərxanaya qayıdır. Bildirir ki, Üzeyir bəy özü işə gəlib və öz kabinetindədir. Təəccüblənirlər ki, elə şey ola bilməz. Əvvəla, Üzeyir bəy xəstədir, ikincisi, telefon zəngindən heç beş dəqiqə keçməyib. Bu tezliklə işə gəlib çatmaq olmaz. Kimsə tez gedib kabinetin qapısının açar yerindən baxıb görür ki, doğrudan da, Üzeyir Hacıbəyli öz yerindədir.
Nəhayət, tədris hissə müdiri özü gedir və kabineti açıb içəri girəndə əvvəl çaşır, sonra masa arxasındakının bəstəkarın özünün yox, portretinin olduğunu görüb gülməyə başlayır...
Bu əhvalatı xeyli vaxt deyib-gülərdilər. Böyük bəstəkar isə deyərdi ki, bax ikinci portret özü müəllifsiz imtahandan çıxdı...