1943-cü il idi. Bakıdakı muzeylərdən biri üçün böyük bəstəkarımız Üzeyir Hacıbəylinin portreti çəkilməli idi. Çox gənc olmağıma baxmayaraq muzeyin rəhbərliyi bu şərəfli işi mənə tapşırmışdı.
Mən portreti naturadan çəkmək qərarına gəlmişdim. Lakin məlum oldu ki, Üzeyir bəyə bu xahişlə müraciət edən heç bir rəssam onun razılığını ala bilməmişdir.
Xeyli danışıqdan sonra Üzeyir bəy portretinin naturadan çəkilməsinə razılıq verdi. Bu xəbər mənə çatanda sevinc qarışıq həyəcan keçirməyə başladım.
Mən təyin edilmiş vaxtdan bir qədər əvvəl konservatoriyanın köhnə binasına gəldim. Üzeyir Hacıbəylinin kabinetində, pəncərə qabağında yerimi rahatlayaraq molberti qurdum, rəngləri sahmanladım.
Üzeyir bəy kabinetə daxil olanda mən ehtiramla salamlaşdım. Sonra günahkar adamlar kimi dayanıb gözləməyə başladım. O, bəlkə də, məni bu vəziyyətdən çıxarmaq üçün dodaqaltı dedi: “Bilirəm, portret yaratmaq çətin məsələdir, mürəkkəb işdir”. Sonra kresloya əyləşdi, ayağını ayağının üstünə aşırdı, başını bir az qaldırıb soruşdu: “Necə oturmalıyam?” Mən tez cavab verdim: “Elə bu cür – sərbəst”.
Kömürü əlimə alıb cəld işə başladım. Kabinetdə tam sakitlik idi. Yalnız kətan parçasını cızan kömürün səsi gəlirdi.
Birazdan Üzeyir bəy sükutu pozdu: “Deyəsən, iş pis getmir. Mən öz surətimi görməyə başlayıram”.
Düzü, əvvəlcə təəccübləndim, sonra yadıma düşdü ki, kətan çox nazik olduğuna görə şəffafdır və orada çəkdiyim cizgiləri arxadan görmək olur.
Həcm etibarilə çox da böyük olmayan bu portreti üç günə bitirdim. Hiss edirdim ki, Üzeyir bəy portreti çox bəyənib. Odur ki bu əsəri bəstəkara bağışladım.
Muzeyin sifarişi isə hələ də yerinə yetirilməmişdi. Odur ki tezliklə bəstəkarın ikinci, həcm etibarilə daha böyük portreti üzərində işə başladım. Bu dəfə Üzeyir bəy kabinetdəki iş masasının arxasında, tünd-qırmızı xalçanın fonunda əyləşdi və yavaşca dedi: “İndi də belə oturaq”. Bu cür oturuş çox xoşuma gəldi və mən ləngimədən işə başladım.
İkinci portretin maraqlı bir macərası olmuşdu.
İşimizi yenicə qurtarmışdıq. Portret hələ ki bəstəkarın iş otağında idi.