Muzeyin xatirə kitabında buraya gəlmiş adamların ürək sözləri yazılmışdı. Onların arasında xarici vətəndaşlar, yüksək vəzifəli rəsmi şəxslər də vardı. Yazıların birində bu xeyir-bərəkət ocağı “insan dühasının şah əsərinə insanın məhəbbət abidəsi” adlandırılmışdı.
Qarabağda yerləşən bir çox tarixi-mədəni abidələrimiz kimi, Ağdam Çörək Muzeyi də çörəyi dizinin üstündə olan namərd qonşularımızın təcavüzünə məruz qaldı. 1992-ci il avqustun 12-də saat 16:40 radələrində ermənilərin atdığı mərmi Ağdam Çörək Muzeyinin varlığına son qoydu. Yanğını söndürməyə cəhd göstərilsə də, bu, mümkün olmadı. Eksponatların çoxu, eləcə də muzeyin tavanı taxta materialdan hazırlandığına görə tez alışdı. Bir saatın içində muzey külə döndü, dəyirmanın yalnız divarları qaldı. Qiymətli eksponatlar məhv oldu. Onlardan yalnız ən qədimi - daşlaşmış buğda dənələri xilas edilərək Bakıda Milli Azərbaycan Tarixi Muzeyinə əmanət verildi.
Bəli, məhz əmanət kimi. Çünki haqq-ədalət mütləq qalib gələcək, işğal altında olan torpaqlarımız gec-tez qaytarılacaq, dağıdılmış, talan edilmiş şəhər və kəndlərimiz, mədəniyyət ocaqlarımız bərpa olunacaqdı.
Və, nəhayət, illərlə gözlədiyimiz gün gəlib çatdı. 2020-ci il noyabr ayının 20-də Ağdam şəhəri erməni işğalçılarından azad edildi. Az müddət keçəcək, darmadağın edilmiş şəhərdə yeni evlər, binalar ucalacaq, tarixi-mədəni abidələr əvvəlki görkəminə gətiriləcək. Çörək Muzeyi üçün də yeni bina tikiləcək. Köhnə binanın uçuq divarları isə erməni vandalizmini sübut edən əbədi damğa kimi saxlanılacaq.