1982-ci ildə bu dəyirmanın binasında çörək muzeyi açmaq haqqında qərar qəbul edildi. Elə həmin il başlanan təmir-bərpa işləri növbəti ildə başa çatdırıldı və noyabrın 25-də muzey ilk ziyarətçilərini qəbul etdi.
Muzey binasının fasadında gözəl daş mozaika yaradılmışdı. Muzeyə giriş birbaşa yay zalına açılırdı. Bu zalın ortasında kiçik fəvvarə vardı. Zala girən kimi sola dönməklə sərgi salonuna daxil olurdun. Hündür olduğundan salonun müəyyən hissəsi alt-üst mərtəbələrə ayrılmışdı. Muzeyin böyük zalında gündə 8-10 ton buğda üyütmək gücü olan mexaniki dəyirman yerləşirdi. Ötən əsrin 30-cu illərində istifadə edilən taxıltəmizləyici qurğu da burada idi. İkinci sərgi zalında əmək alətləri - xış, vəl, çin, oraq, II əsrə aid əldəyirmanı (kirkirə), “çarçar” adlı taxıldöyən, un saxlamaq üçün qədim küplər və digər əşyalar nümayiş olunurdu.
Muzeydə Azərbaycan taxılının zəngin növlərini və çörək mədəniyyətimizin qədim ənənələrini göstərən eksponatlar respublikamızın bütün ərazisini əhatə edirdi. Məsələn, Qazax rayonu ərazisində tapılmış külçəbasanın - çörəyə naxış vurmaq üçün yaradılmış əşyanın üç min il yaşı vardı. Bu sadə alət hər şeydə gözəllik axtarmaq vərdişinin qədimlərdən bəri xalqımızın qanında olduğundan xəbər verirdi. Muzeydə müxtəlif taxıl növləri ilə yanaşı, buğdadan düzəlmiş eksponatlar da nümayiş etdirilirdi. Onların içərisində buğda dənələrindən düzəldilmiş və həmin dövrdə ziyarətçilərdə böyük maraq doğuran Azərbaycan xəritəsi də var idi. Bu qeyriadi xəritəni Zaqatalada hazırlayıb muzeyə gətirmişdilər.
Ağdam Çörək Muzeyində nümayiş olunan eksponatların bir hissəsini buranı ziyarətə gələn əcnəbi qonaqlar bağışlamışdılar. Eksponatlar arasında ən təsirlisi Qalina Konayeva adlı bir qadının Leninqrad (indiki Sankt-Peterburq) şəhərindən gətirdiyi “blokada çörəyi” idi. Böyük Vətən müharibəsi zamanı Leninqrad şəhəri uzun müddət faşistlərin mühasirəsində qalmışdı. O zaman şəhər əhalisinə adambaşı gündəlik çörək norması olaraq 125 qramlıq qara çörək verilirdi. Konayeva həmin günlərin yadigarı olaraq bir çörək tikəsini saxlamışdı. Televiziyada muzeylə bağlı süjet verildikdən az sonra o, Ağdama gələrək onu muzeyə təqdim etmişdi.