Bizə dərs deyən müəllimlər arasında ən çox istədiyimiz Günay müəllimdir. Hətta mənim rəfiqələrimdən bir neçəsi ona oxşamağa çalışır və bu səbəbdən gələcəkdə müəllim olmaq arzusundadır. Günay müəllim hər bir fikri bizə elə tərzdə çatdırır ki, biz dərhal onu anlayır, dediklərinə əməl etməyə can atırıq.
Budur, ilk dərs günüdür. Birazdan Azərbaycan dili dərsi başlayacaq. Biz səbirsizliklə Günay müəllimi gözləyirik.
Günay müəllim tətil təəssüratlarımızı soruşdu. Bəzi uşaqlara kompliment dedi. Oğlanlara dedi ki, onlar bu yay ərzində əməlli-başlı böyüyüblər. Qızların isə gözəlliyindən söz açdı.
Nəhayət, dərsin mövzusuna keçdi:
- Uşaqlar, bugünkü dərsimizin mövzusu...
Sözünə ara verib bir qədər düşündü. Sonra dedi:
- Yox, dərsimizin adını sonda birlikdə müəyyənləşdirərik. İndi isə mən sizə vərəqlər paylayacağam. Siz bu vərəqlərdə öz zəif cəhətlərinizi qeyd etməlisiniz. Hər cümləniz “bacarmıram” və ya “bilmirəm” sözü ilə bitməlidir.
Mən bir xeyli qarşımdakı ağ vərəqə baxıb fikrə daldım. Heç vaxt öz zəif cəhətlərim haqqında düşünməmişdim. Nəhayət, birinci cümləmi yazdım:
“Mən riyazi məsələnin tənliyini qura bilmirəm”.