1 | Təbiət və rəssam |
Bizi əhatə edən ətraf aləmin rəngləri şair və yazıçıları, bəstəkar və rəssamları yaratmağa ruhlandırır. Şair və yazıçılar sözlərlə, bəstəkarlar notlarla, rəssamlar isə əsasən, boyalarla yaradır.
Ətraf aləmdəki hadisə və obyektləri təsvir etmək üçün diqqətli müşahidəçi olmaq lazımdır. Müşahidəçi - ətraf aləmi seyr edən insana deyilir. Rəssam da diqqətlə müşahidə edən, sirli və sehrli təsvirlər yaradan insandır. O yaxında və uzaqda olan ağacları, hündür və alçaq dağları, heyvan, quş və bitkilərin formasını müşahidə edir və öz rəsmində çəkir.
Rəssamların yay fəslinə aid əsərlərini seyr edin. Əsərlərdə nə təsvir olunub? Rəssamlar hansı rənglərdən istifadə ediblər?
Xatırlayaq
Təsviri incəsənət əsərlərini yaradan rəssam müxtəlif materiallardan istifadə edir.
Boyalar vasitəsilə yaradılan əsərlər necə adlanır?