Hər hansı bir məqsədə çatmaq üçün hərəkətlər müəyyən ardıcıllıqla yerinə yetirilir. Bu ardıcıllığa alqoritm deyilir.
Alqoritmi tərtib etmək üçün görüləcək iş ardıcıl yerinə yetirilən hissələrə bölünür. Bu hissələr alqoritmin addımları adlanır.
Hər bir alqoritmə ad vermək olar. Məsələn, “Qayğanağın bişirilməsi”
və ya “Ayaqqabının təmizlənməsi” alqoritmi bu iş üçün ardıcıl
olaraq hansı hərəkətlərin yerinə yetirilməsini bildirir.
“Ayaqqabının təmizlənməsi” alqoritmini belə yazmaq olar:
Alqoritm
Alqoritmin adı
Alqoritmin addımı
1. Ayaqqabı şotkasını götür
2. Ayaqqabını götür
3. Ayaqqabını şotkala
4. Şotkanı yerinə qoy
5. Ayaqqabını yerinə qoy
Bəzi hallarda alqoritmin addımlarının yerini dəyişdikdə nəticə dəyişə bilir. Ona görə də addımları ardıcıl yerinə yetirmək lazımdır.
Əks halda biz qoyulmuş məqsədə çatmarıq. Məsələn, göstərilən alqoritmdə 3-cü və 4-cü addımların yerlərini dəyişdikdə gözlənilən nəticə alınmayacaq.