Beləliklə, metallar dövri sistemdə, əsasən, berilliumdan Be astatadək At çəkilmiş diaqonalın sol aşağı hissəsində yerləşir (dövri sistemdə I–III qrupun əsas yarımqruplarının (hidrogen və bordan başqa) və I–VIII qrupun əlavə yarımqrup elementlərinin hamısı, lantanoid və aktinoidlər də daxil olmaqla metallardır).
Metal atomlarının xarici energetik səviyyəsində, adətən, birdən üçə qədər elektron yerləşir. Hər bir dövrdə onların atomları, bir qayda olaraq, böyük radiusa malik olub valent elektronlarını asanlıqla verir. Bu səbəbdən metallar güclü reduksiyaedicidir və birləşmələrində yalnız müsbət oksidləşmə dərəcəsi göstərir.
• | İndiyədək tapılan ən ağır mis külçəsi 420 t, gümüş külçəsi – 13,5 t, qızıl külçəsi isə 112 kq olmuşdur. |
Yer kürəsində kütləcə ən çox yayılan metallar - alüminium (≈8%) və dəmirdir (≈5%).
Təbiətdə metallar sərbəst və birləşmələr şəklində mövcuddur. Sərbəst halda (külçə şəklində), adətən, az aktiv metallar (Au, Pt, Ag, Cu) rast gəlinir. Birləşmələr halında olan metallar isə oksid və duzlar şəklində yayılmışdır:
Birləşmələr | Mineralların tərkibi və adı | Mineralların tərkibi və adı |
Oksidlər | Al2O3·nH2O – boksit | Fe3O4 – maqnetit |
Sulfidlər | FeS2 – pirit | HgS – kinovar |
Karbonatlar | CaCO3 – kalsit | FeCO3 – siderit |
Xloridlər | NaCl – qalit | KCl – silvin |
Sulfatlar | CaSO4·2H2O – gips | Na2SO2·10H2O – qlauber duzu |
Filizlərdən metallar metal kationlarının reduksiyası ilə alınır:
Metalın alınması üsulu metalın təbiətindən, filizdəki miqdarından və filizin tərkibində olan digər qarışıqlardan asılıdır.