Kimyəvi xassələri. Hidrogen-xlorid qazı, xlorid turşusundan fərqli olaraq, adi şəraitdə metallar və onların oksidləri ilə reaksiyaya daxil olmur.
Tətbiqi. Hidrogen-xlorid əsas etibarilə xlorid turşusu şəklində istifadə edilir. O həmçinin plastik kütlə və kauçuk istehsalında tətbiq olunur.
Xlorid turşusu
Xlorid turşusunun alınması. Xlorid turşusu hidrogen-xloridin suda həll edilməsi ilə alınır.
Fiziki xassələri. Xlorid turşusu rəngsiz, kəskin iyli məhluldur. Qatı xlorid turşusu nəm havada “tüstülənir”. Adətən, ən qatı xlorid turşusu 40%-li olur. Satışda olan xlorid turşusunda hidrogen-xloridin kütlə payı 37%-ə qədərdir. Mədə şirəsinin tərkibində xlorid turşusunun qatılığı 0,3% olur.
Kimyəvi xassələri. Xlorid turşusu turşuların ümumi xassələrini göstərməklə yanaşı, həm də xüsusi xassələrə malikdir.
I. Xlorid turşusu qüvvətli turşudur. O, məhlulda, demək olar ki, tamamilə dissosiasiya edir. İndikatorların rəngini dəyişir, gərginlik sırasında hidrogenə qədər yerləşən metallarla, əsasi və amfoter oksidlərlə, əsaslarla, sulfat, nitrat və ortofosfatlardan başqa digər duzlarla qarşılıqlı təsirdə olur (AgNO3 istisna olmaqla):
II. Xlorid turşusunun xüsusi xassələri.
1. “Qatı” xlorid turşusu ammonyak qazı ilə qarşılıqlı təsirdə olduqda hissəcikləri havada ağ tüstü əmələ gətirən ammonium-xlorid alınır (t. a):
2. Xlorid turşusu və onun həllolan duzları AgNO3 məhlulu ilə suda və turşularda həll olmayan ağ rəngli AgCl çöküntüsü əmələ gətirir ki (t. b), bu da xlorid turşusu və onun duzlarının təyinində istifadə edilir:
3. Xlorid turşusu (xlorid ionu) reduksiyaedici xassəyə malik olduğundan oksidləşdiricilərlə reaksiyaya daxil olur. Onun bu xassəsindən xlorun alınmasında istifadə olunur:
Tətbiqi. Xlorid turşusundan onun duzlarının, boyaların alınmasında, lehimləmə işində metal səthinin oksidlərdən təmizlənməsində, yeyinti sənayesində (qlükoza və jelatin almaq üçün), dəri sənayesində (dərini aşılamaq üçün), təbabətdə (dərmanların alınmasında) istifadə olunur.