Dövri sistemin VII qrupunun əsas yarımqrupunda yerləşən flüor – F, xlor – Cl, brom – Br, yod – I və astat – At elementləri halogenlər adlanır (lat. “halogen” – “duz doğuran” deməkdir).
– | F, Cl, Br və I atomlarının xarici energetik səviyyələrinin quruluşundakı fərq nədən ibarətdir? |
– | Cütləşmiş s- və p-valent elektronlarının təklənməsi F, Cl, Br və I atomlarının hamısı üçün mümkündürmü? Bu nə ilə əlaqədardır? |
– | Atom quruluşlarındakı fərq flüor və xlor elementlərinin birləşmələrində göstərdikləri valentliklərdə öz əksini tapırmı? Cavabınızı misallarla təsdiqləyin. |
Halogenlər dövrlərdə ən yüksək qeyri-metallıq xassəsinə malik elementlərdir. Onların atomlarının xarici energetik səviyyəsində 7 elektron yerləşir – ns2np5. oktet quruluş (ns2np6) əldə etmək üçün onlara 1 elektron çatmır. Bundan başqa, eyni dövrdə yerləşən elementlərin atomları ilə müqayisədə halogen atomları daha böyük nüvə yükünə və kiçik radiusa malikdir. Bu səbəbdən halogenlər güclü oksidləşdiricidir: hidrogen və metallarla birləşmələrində özlərinə 1 elektron birləşdirərək –1 oksidləşmə dərəcəsi göstərir.
Halogenlərin qeyri-metallıq xassəsi F→Cl→Br→I→At istiqamətində zəifləyir. Flüor ən yüksək elektromənfiliyə malik element kimi birləşmələrində yalnız –1 oksidləşmə dərəcəsi göstərir. Cl, Br, I isə –1 ilə yanaşı, oksigenlə birləşmələrində həmçinin +1, +3, +5 və +7 oksidləşmə dərəcələri də göstərir (cəd. 13.1).
Flüor atomunda d-yarımsəviyyəsi olmadığı üçün o, III, V və VII valentlik göstərmir.