Marten üsulunun aşağıdakı iki üsula nəzərən üstünlüyü ondan ibarətdir ki, emal prosesinə asanlıqla nəzarət etmək mümkündür və bu üsulda müxtəlif çeşidli poladlar alınır. Prosesin müddəti 6–8 saatdır.
Oksigen-konvertor üsulunun üstün cəhəti ondan ibarətdir ki, o qənaətlidir. Konvertorda lazımi temperatur onun bütün həcmində qatışıqların ekzotermik oksidləşməsi nəticəsində yaranır və prosesdə yanacaq tələb olunmur. Proses marten üsulundan tez başa çatır.
Elektrotermik üsulda digər iki üsula nəzərən elektrik qövsü vasitəsilə daha yüksək temperatur (2000°C) əldə edilir. Bu da yüksəkkeyfiyyətli legirlənmiş poladlar almağa imkan verir. Bundan başqa, marten sobalarına nisbətən elektrik peçlərinin qurulması ucuz başa gəlir və proses qısa vaxtda başa çatır.
Poladın xassələri. Poladda karbonun miqdarı artdıqca onun bərkliyi artır. Tərkibində 0,7–1,3% karbon olan poladlar alət poladı adlanır. Belə poladdan hazırlanmış alətlər agac, plastik kütlə və metal emalında istifadə olunur. Tərkibində 0,3–0,7% karbon olan poladlar konstruksiya poladı adlanır. Onlardan dəmiryol relsləri, çarxların oxları, vallar hazırlanır. Tərkibində 0,3%-dən az karbon olan poladlar asan döyülür, ştamplanır və onlardan avtomobil kuzovları, kompüter korpusları, dam örtükləri hazırlanır.