Bu təbəqə hidrokarbonatların karbonatlara çevrilməsi yolu ilə yaranır və çoxlu yanacaq (elektrik enerji) sərfinə, bəzən, isə buxar qazanının həddən artıq qızması nəticəsində onun dağılmasına səbəb olur. Parça məmulatlarını cod suda yuduqda parçanın keyfiyyəti aşağı düşür və çoxlu sabun sərf olunur:
Ona görə suyun codluğu aradan qaldırılır, yəni Ca2+ və Mg2+ ionları çökdürülür.
Suyun codluğu karbonatlı (müvəqqəti) və qeyrikarbonatlı (daimi) olmaqla iki yerə ayrılır.
Karbonatlı codluğu maqneziumla kalsiumun hidrokarbonatları yaradır. Suyu qaynatdıqda, suya əhəng südü və ya soda əlavə etdikdə karbonatlı codluq aradan qalxır:
Qaynadıldıqda hidrokarbonatlar parçalanır və həll olmayan karbonatlara çevrilir. Məhz bu səbəbdən belə codluq müvəqqəti codluq adlanır. Təbiətdə müvəqqəti codluq əhəngdaşının, yaxud dolomitin karbon-dioksid və su ilə qarşılıqlı təsirindən əmələ gəlir:
Qeyri-karbonatlı və ya daimi codluğu kalsium və maqneziumun sulfat və xlorid duzları əmələ gətirir.
Daimi codluq soda və ya natrium-ortofosfatın təsiri ilə aradan qaldırılır:
Soda və natrium-ortofosfatla həmçinin müvəqqəti codluğu da aradan qaldırmaq olur.
Baxılan tənliklər əsasında demək olar ki, Ca2+ və Mg2+ ionlarının məhluldan çökdürülmə üsulları bu kationlarla “birləşmiş” turşu qalıqlarının təbiətindən asılıdır.
Suyun yumşaldılmasında kationitlərdən də istifadə edilir. Tərkibində xarici mühitin ionları ilə dəyişilə bilən mütəhərrik ionlar olan bərk maddələr ionitlər adlanır. İonitin tərkibindəki mütəhərrik ion kation olduqda o, kationit, anion olduqda isə anionit adlanır. Suyun codluğunu aradan qaldırmaq üçün kationitlər kimi iondəyişdirici qatranlar və alümosilikatlar, məsələn, Na2[Al2Si2O8·nH2O] tətbiq edilir.
Suyun ümumi codluğu onun karbonatlı və qeyri-karbonatlı codluqlarının cəmindən ibarətdir.
Codluq dərəcəsi kəmiyyətcə 1 l suda olan Ca2+ və Mg2+ kationlarının millimollarının (mmol) sayı ilə ifadə edilir. Codluğu 2 mmol/l-dən az olan su – yumşaq, 2-dən 10-dək olan – orta codluqlu, 10 mmol/l-dən yuxarı olan isə cod su sayılır.
Məişət üçün yararlı olan suyun codluğu 7 mmol/l-dən çox olmamalıdır.