Natrium-hidroksid neft məhsullarının təmizlənməsində, kağız istehsalında, turşuların neytrallaşdırılmasında və müvafiq duzların alınmasında, üzvi maddələrin hidrolizində, bərk sabun istehsalında, akkumulyatorlarda elektrolit kimi, boya alınmasında və bir çox üzvi və qeyri-üzvi sintezlərdə tətbiq olunur.
Natrium və kalium duzları – ion quruluşlu, suda həllolan kristal maddələrdir.
Natrium-xlorid NaCl (xörək duzu) - xörəklərin hazırlanmasında, qida məhsullarının konservləşdirilməsində, keramika sənayesində, buzla soyuducu qarışıq kimi və təbabətdə tətbiq edilir. Sənayedə natrium-xloriddən - natrium-hidroksid, xlor, natrium metalı, hidrogen, xlorid turşusu, soda istehsalında xammal kimi istifadə olunur.
Natrium-sulfat - qlauber duzu Na2SO4·10H2O şəklində şüşə və sabun istehsalında tətbiq edilir.
Natrium-karbonat kristallik soda Na2CO3·10H2O şəklində şüşə, kağız və sabun istehsalında tətbiq edilir.
Natrium-hidrokarbonat NaHCO3 (çay sodası) – məişətdə, yeyinti sənayesində və təbabətdə istifadə olunur.
Kalium-xlorid KCl kənd təsərrüfatında gübrə kimi işlədilir.
Kalium-karbonat K2CO3 (potaş) – maye sabunun və çətinəriyən şüşənin istehsalında, həmçinin ağac və torf külünün tərkibində gübrə kimi istifadə olunur.
Təyini. Natriumun birləşmələri alovu sarı rəngə, kaliumun birləşmələri isə bənövşəyi rəngə boyayır.
Məsələ. | 12 q natrium-hidridin artıqlaması ilə götürülmüş su ilə qarşılıqlı təsirindən neçə litr (n.ş.) hidrogen qazı ayrılar? Ar(Na) = 23, Ar(H) = 1. |