Dövri sistemdə mövqeyi. Litium* yarımqrupunda litium Li, natrium Na, kalium K, rubidium Rb, sezium Cs və fransium Fr elementləri yerləşir. Onların hidroksidləri qələvi olduğundan bu metallar qələvi metallar adlanır.
Element | 3Li | 11Na | 19K | 37Rb | 55Cs | 87Fr |
Valent elektronları | 2s1 | 3s1 | 4s1 | 5s1 | 6s1 | 7s1 |
Oksidləşmə dərəcəsi | +1 | +1 | +1 | +1 | +1 | +1 |
Təbiətdə yayılması. Qələvi metallar çox fəal olduğundan onlara təbiətdə yalnız birləşmələr şəklində rast gəlinir. Onlardan yalnız natrium və kaliumun birləşmələri geniş yayılmışdır. Fransium süni yolla alınmışdır.
Fiziki xassələri. Qələvi metallar çox yüngül (Li, Na, K sudan yüngüldür) və yumşaq metallardır. Litiumdan başqa qalanları bıçaqla kəsilir (a). Onlar metal parıltısına, yüksək istilik və elektrik keçiriciliyinə malik, nisbətən aşağı temperaturda əriyən maddələrdir. Litiumdan seziuma doğru onların sıxlığı, əsasən, artır, ərimə temperaturu isə azalır.
Kimyəvi xassələri. Qələvi metallar güclü reduksiyaedicilərdir. Onlar ən aktiv metallardır və qeyri-metalların bir çoxu ilə bilavasitə qarşılıqlı təsirdə olur. Alınan birləşmələrdə rabitə, əsasən, ion xarakterli olur.