Dəmir və polad məmulatların korroziyası, adətən, paslanma adlanır.
Tapşırıqda aparılan araşdırmadan aydın oldu ki, hava mühitində dəmirin korroziyasına su və oksigen təsir edir. Ona görə də dəmirin iki mərhələdə baş verən paslanmasını aşağıdakı tənliklərlə ifadə etmək olar:
Beləliklə, dəmir məmulatların korroziyasının mahiyyəti dəmirin oksidləşməsindən ibarətdir. Oksidləşdirici kimi havanın oksigeni, məhlulun H+ ionları ola bilər.
Korroziyadan mühafizə məqsədilə, əsasən, dörd üsul tətbiq olunur:
1. Metalların səthinə qoruyucu (mühafizə) örtüklərin çəkilməsi. Qoruyucu örtüklər metal və qeyri-metal olur. Metal örtüklər kimi sink, qalay, qurğuşun, nikel, xrom, qızıl və gümüş örtüklərdən istifadə olunur (a və b).
Qeyri-metal örtüklər kimi boya, lak, emal (c), qatran, bəzi sürtkü yağlarından, polimer və metalın səthində süni yolla yaradılan oksid, nitrid, silisid örtüklərdən istifadə edilir. Bu üsulun çatışmayan cəhəti örtüyün zədələnməmiş şəkildə saxlanmasının çətinliyi ilə əlaqədardır. Örtük zədələndikdə o, metalı dağılmadan qoruya bilmir.