(a) | Tsiklopentan və tsikloheksan molekullarının mil-kürəcik modelləri |
Fiziki xassələrinə görə tsikloparafinlər doymuş karbohidrogenlərlə oxşardır.
Kimyəvi cəhətcə tsikloparafinlər də alkanlar kimi az fəaldır.
Alınması. Sənayedə tsikloalkanlar neftin fraksiyalarından ayrılır. Tsikloheksan və onun homoloqları aromatik karbohidrogenlərin hidrogenləşdirilməsindən də alınır:
Tətbiqi. Tsikloheksan və metiltsikloheksandan benzol və toluolun alınmasında, sonunculardan isə boya və dərman maddələrinin sintezində istifadə olunur. Tsiklopropandan narkoz kimi istifadə edilir.
• Molekullarında bir və ya bir neçə benzol həlqəsi olan karbohidrogenlər – aromatik karbohidrogenlər və ya arenlər adlanır.
Aromatik karbohidrogenlərin ən sadə nümayəndəsi benzoldur: C6H6. Benzol molekulunda altı C atomu bir müstəvi üzərində yerləşib düzgün altıbucaqlı əmələ gətirir (b–1). C atomları arasında 6 düz xətlə göstərilən 6 ədəd birqat σ-rabitə var; bununla yanaşı, C atomlarının hamısı öz aralarında 6-elektronlu ümumi bir π-rabitə ilə birləşmişdir ki, bu da quruluş formulunda altıbucaqlının daxilində çevrə ilə göstərilir (b–2):
(b) | Benzol molekulunun quruluş formulları və kürəcik modeli |
Benzol – rəngsiz, uçucu, suda həll olmayan, spesifik iyli, tezalışan mayedir. Soyudulduqda benzol ərimə temperaturu 5,5°C olan ağ kristal kütlə şəklində donur. Benzolun qaynama temperaturu 80,1°C-dir. Maye benzol və onun buxarı zəhərlidir. Havada hisli alovla yanır. Bromlu su və KMnO4 məhlulunu rəngsizləşdirmir.