a) | Qazaparan borunun ucunu yuxarı qaldırıb borudan çıxan qazı kibritlə yandırın. |
b) | Qazaparan borunun ucunu növbə ilə sınaq şüşələrindəki kalium-permanqanat məhluluna və bromlu suya salın və qazın məhluldan keçməsini müşahidə edin. |
c) | Sonra qazaparan borunun ucunu içərisində 4–5 ml su, 1–2 damcı sulfat turşusu və bir o qədər civə(II) sulfat məhlulu əlavə edilmiş 2-ci sınaq şüşəsinə salın və müşahidə aparın. |
• Molekullarında karbon atomları arasında bir üçqat rabitə olan atsiklik karbohidrogenlərə asetilen sırası karbohidrogenləri deyilir.
Beynəlxalq nomenklaturaya görə, asetilen sırası karbohidrogenlərinə alkinlər deyilir. Alkinlərin 1-ci nümayəndəsi asetilen (etin) HC≡CH, 2-ci isə metilasetilen (propin) HC≡C–CH3 adlanır. Bu karbohidrogenlərin ümumi formulu CnH2n–2-dir (n≥2), nisbi molekul kütlələri isə Mr(CnH2n–2) = 14n –2 ifadəsi ilə hesablanır. Asetilen HC≡CH (C2H2) molekulu xətti quruluşa malikdir (a–1, 2):
(a) | Asetilen molekulunun milkürəcik (1) və kürəcik (2) modelləri |
Alınması. Sənayedə asetilen metandan və kalsium-karbiddən alınır:
Fiziki xassələri. Asetilen – havadan yüngül, rəngsiz, iysiz, suda az həllolan qazdır.