• Molekullarında karbon atomları arasında bir ədəd ikiqat rabitə olan atsiklik karbohidrogenlərə etilen sırası karbohidrogenləri deyilir.
Beynəlxalq nomenklaturaya görə, etilen sırası karbohidrogenləri alkenlər adlanır. Alkenlərin ümumi formulu CnH2n-dir (n≥2), nisbi molekul kütlələri isə Mr(CnH2n) = 14n ifadəsi ilə hesablanır. Homoloji sıranın ilk nümayəndəsi etilen CH2=CH2 (C2H4), ikinci
nümayəndəsi propilendir: H2C=CH–CH3 (C3H6). Etilenin birvalentli qalığı –CH=CH2 vinil qrupu adlanır.Etilen molekulunun modelindən görünür ki, onun bütün atomları bir müstəvi üzərində yerləşir. Etilen molekulunda 4 ədəd σ(C–H), 1 ədəd σ(C–C) və 1 ədəd π-rabitə mövcuddur.
Etilen misalında alkenlərin alınması, xassələri və tətbiqi ilə tanış olaq.
Alınması. Laboratoriyada etileni etil spirtindən suyun ayrılması ilə almaq olur:
Suyun ayrılması ilə baş verən parçalanma reaksiyaları dehidratlaşma reaksiyaları adlanır.
Fiziki xassələri. Etilen – rəngsiz, iysiz, havadan azca yüngül qazdır; suda praktik olaraq həll olmur. Adi şəraitdə sıranın ilk üzvləri (C2H4, C3H6, C4H8) qazdır.
Kimyəvi xassələri. Kimyəvi xassələrinə görə etilen metana nisbətən daha fəaldır. O, birləşmə, polimerləşmə və oksidləşmə reaksiyalarına daxil olur.
I. Birləşmə reaksiyaları.
1. Etilen katalizator iştirakı ilə özünə 1 mol hidrogen birləşdirib etana çevrilir: