Bu müddəadan belə bir nəticəyə gəlmək olur ki, hər bir üzvi maddə müəyyən bir kimyəvi quruluşa malikdir.
2. Maddələrin xassələri molekulun vəsfi və miqdari tərkibi ilə yanaşı, onun quruluşundan da asılıdır.
Fəaliyyətdə aparılan araşdırmadan aydın oldu ki, C4H10 tərkibli karbohidrogendə karbon atomlarının birləşmə ardıcıllığı dəyişdikdə xassələri fərqli olan iki müxtəlif maddə – butan və izobutan əmələ gəlir. Belə birləşmələr izomerlər adlanır.
Eyni fikirləri etil spirti C2H6O və dimetil efiri C2H6O haqqında da demək olar:
Deməli, etil spirti (CH3CH2OH) və dimetil efiri (CH3–O–CH3) bir-birinin izomerləridir.
• Molekullarının tərkibi eyni, kimyəvi quruluşu və buna görə də xassələri ilə birbirindən fərqlənən maddələrə izomerlər, bu hadisəyə isə izomerlik deyilir.
Beləliklə, kimyəvi quruluş nəzəriyyəsi üzvi maddələrin say, tərkib və quruluşca müxtəlifliyini dördvalentli karbon atomunun xətti, şaxəli, qapalı zəncir əmələ gətirməsi ilə yanaşı, izomerlik hadisəsi ilə də izah edir.
Element tərkibinə görə üzvi birləşmələrin ən sadəsi karbohidrogenlərdir. Karbohidrogenlər karbon zəncirinin qapalı və ya açıq zəncirli olmasından asılı olaraq tsiklik və atsiklik (alifatik) karbohidrogenlərə bölünür (sxem 1).
Atsiklik karbohidrogenlər, öz növbəsində, doymuş və doymamış karbohidrogenlərə, tsiklik karbohidrogenlər isə alitsiklik və aromatik karbohidrogenlərə ayrılır. Doymuş karbohidrogenlərdə yalnız birqat C–C, doymamış karbohidrogenlərdə isə həm də ikiqat C=C və ya üçqat C≡C rabitələri mövcuddur.
Bütün üzvi birləşmələrə müxtəlif sinif karbohidrogenlər və onların törəmələri kimi baxmaq olar. Karbohidrogenlərdə hidrogen atomlarının digər atom və ya atom qrupları ilə əvəz edilməsindən alınan birləşmələr karbohidrogenlərin törəmələri adlanır. Məsələn, doymuş karbohidrogenlərin ən sadə nümayəndəsi olan metanın bir neçə törəməsinin formulları cədv. 39.1-in sonuncu sütununda verilmişdir.