Metal parıltısı metalın sərbəst elektronlarının işıq şüalarını güclü əks etdirməsi ilə əlaqədardır. Civə və gümüş ən yüksək parıltıya malik metallardır.
Metalların yüksək istilik və elektrik keçiriciliyi onların kristal qəfəsində sərbəst elektronların yerdəyişməsi ilə əlaqədardır.
Metallar ümumi fiziki xassələrlə yanaşı, bəzi fərqli xassələrə də malikdir; məsələn, onlar sıxlığına, bərkliyinə, ərimə temperaturuna görə bir-birindən xeyli dərəcədə fərqlənir.
Civədən (tərimə = –39°C) başqa bütün metallar adi şəraitdə (≈20–25°C) bərk haldadır. Ən asanəriyən metal civə, ən çətinəriyən isə volframdır (tərimə = 3390°C). 1000°C-dən yuxarı temperaturda əriyən metallar (Au, Ag, Cu, Fe, Cr) çətinəriyən, aşağı temperaturda əriyən metallar isə (Li, Na, K, Zn, Al, Ca) asanəriyən metallar adlanır.
Sıxlığına görə metallardan ən yüngülü – litium (ρ = 0,53 q/sm3), ən ağırı – osmiumdur Os (ρ = 22,6 q/sm3). Sıxlığı 5 q/sm3-dən böyük olan metallar ağır metallar (Zn, Fe, Cu, Hg, Ag, Pt), kiçik olanlar isə yüngül metallar (Li, Na, Mg, Al) adlanır.