Silikat sənayesinin əsas məhsulları olan süni silikatlardan şüşə, sement və keramika (kərpic, farfor, fayans məmulatları) daha böyük əhəmiyyət kəsb edir.
Şüşə. Pəncərə şüşəsinin tərkibi Na2O·CaO·6SiO2 və ya Na2SiO3·CaSiO3·4SiO2 formulu ilə ifadə edilir. O 1500°C-də soda, əhəngdaşı və kvars qumunu (qum artıq götürülür) əritməklə alınır. Bu zaman əvvəlcə silikatlar əmələ gəlir:
Xüsusi xassəli şüşə almaq üçün ilkin qarışığın tərkibi dəyişdirilir. Sodanı potaşla əvəz etdikdə istiyədavamlı (kimyəvi) şüşə (t. 1), əlavə olaraq əhəngdaşını qurğuşun(II) oksidlə əvəz etdikdə isə güclü şüasındırma xassəsinə malik büllur şüşə (t. 2) alınır:
Rəngli şüşələr almaq üçün (a və b) ilkin qarışığa rəngli metal oksidləri əlavə edilir. Məsələn, Cr2O3 – şüşəyə yaşıl, CoO – göy, CuO – göy-yaşıl rəng verir.
Əridilmiş şüşəyə narın xırdalanmış qızıl əlavə etdikdə al-qırmızı şüşə – yaqut şüşə alınır. Yalnız kvars qumu (SiO2) əsasında alınan şüşə isə kvars şüşəsi adlanır.
Adi şüşədən fərqli olaraq kvars şüşəsi temperaturun dəyişməsi ilə həcmini az dəyişir. Bu səbəbdən ondan laboratoriya qabları düzəldilir. Kvars şüşəsi ultrabənövşəyi şüaları yaxşı keçirir. Onun bu xassəsi təbabətdə tətbiq olunan kvars lampalarında geniş istifadə edilir.
Şüşə – amorf bərk maddədir. Qızdırıldıqda o yumşalır və belə halda ona istənilən formanı vermək olur. Şüşədən pəncərə şüşələri, şüşə liflər, kimyəvi qablar və müxtəlif məmulatlar hazırlanır.