Quruluşu. Metasilikat turşusunun tərkibi şərti olaraq H2SiO3 formulu ilə təsvir edilir. Həqiqətdə o, məhlulda daha mürəkkəb nSiO2·mH2O və ya (H2SiO3)n tərkibinə malik olan müxtəlif silikat turşuları qarışığından ibarətdir:
Alınması. Silisium-dioksid suda həll olmur. O, su ilə reaksiyaya girmədiyindən metasilikat turşusu dolayı yolla - onun həllolan duzlarının məhlullarına turşu ilə təsir etməklə alınır:
Fiziki xassələri. Metasilikat turşusu suda, demək olar ki, həll olmur; o, suda həlməşik şəklində olan kolloid məhlulunu əmələ gətirir.
Kimyəvi xassələri. Metasilikat turşusu suda həll olmadığından, məhlulda özündən H+ ionlarını ayırmır. Bu səbəbdən o çox zəif turşu olub məhlulda indikatorun rəngini dəyişmir. O, karbonat turşusundan daha zəifdir. Ona görə də karbonat turşusu həllolan silikatlardan metasilikat turşusunu sıxışdırıb çıxara bilir. Məhluldan həlməşik şəklində çökən H2SiO3 yalnız qələvilərdə həll olur:
Qızdırıldıqda və ya qurudulduqda metasilikat turşusu suyunu tədricən itirib amorf silisium-dioksidə (silikagelə) çevrilir:
Metasilikat turşusunun duzları silikatlar (metasilikatlar) adlanır. Silikatların çoxu çətinəriyəndir. Natrium- və kalium-silikatdan başqa, qalanları suda praktik olaraq həll olmur. Natrium-silikat və kalium-silikat həllolan şüşə, onların qatı məhlulları isə maye şüşə adlanır. Zəif turşunun duzu kimi onların suda məhlulu hidroliz nəticəsində qələvi reaksiya verir. Silikatlardan natrium-silikat Na2SiO3 daha böyük əhəmiyyət kəsb edir.
Yanmayan parçaların, taxta məmulatların, kağızların hazırlanmasında maye şüşədən istifadə olunur. Ondan həmçinin silikat yapışqanı kimi, eləcə də turşuyadavamlı betonların hazırlanmasında istifadə edilir.