Metallurgiya sahəsi ən çirkli sənaye sahələrindən biri olduğu üçün hazırda dünyada tullantısız texnologiyaların işlənib hazırlanmasına böyük diqqət yetirilir.
Məsələ. | MCl tipli duzun ərintisinin elektrolizi zamanı katodda 2,3 q metal, anodda isə 1,12 l xlor (n.ş.) ayrıldığını nəzərə alaraq metalın nisbi atom kütləsini müəyyən edin. |
Ərintilər metallar kimi istiliyi və elektrik cərəyanını yaxşı keçirir, xüsusi parlaqlığa, plastikliyə malik olur. Lakin ərintilər, metallardan fərqli olaraq bir sıra üstünlüklərə malikdir: onlar korroziyaya, yüksək temperatura, sürtünməyə qarşı metallardan daha davamlıdır. Ona görə metallar bir çox hallarda texnikada, əsasən, ərintilər şəklində istifadə edilir.
• İki və daha artıq metaldan, yaxud metal və qeyri-metaldan ibarət eynicinsli sistemlərə ərintilər deyilir.
Ərintilərin alınması üçün metallar birlikdə əridilərək qarışdırılır və sonra soyudulur.
Təsnifatı. Texnikada ərintilər müxtəlif əlamətlərə görə təsnif edilir: məsələn, xarakterik xassələrinə görə çətinəriyən (nixrom) və asanəriyən (tunc, bürünc, lehim), paslanmayan (xromlanmış polad) və s.; ərintinin əsasını təşkil edən metala görə qara (çuqun, polad), əlvan (tunc - Cu+Sn(>20%) və ya Al(>11%), Be(≈2%) və s.), bürünc - Cu+Zn(5-50%), melxior], yüngül (düralüminium (Al, Mg, Cu), elektron); ərintinin komponentlərinin sayına görə (ikili, üçlü və s.).