O, yoxsul bir daşyonan idi. İşi çox ağır, qazancı isə çox az idi. Buna görə də həyatından narazı idi. “Mən hamıdan çox işləyirəm, - deyə düşünürdü. - Qazancım isə azdır. İnsanı güclü edən puldur. Hamıdan güclü olmaq, gözəl həyat sürmək istəyirəm”. Bu vaxt göydən bir mələk gəldi, “Sən varlı olacaqsan”, - dedi. Daşyonan dönüb varlı adam oldu. İndi onun hər şeyi var idi, işləməyə ehtiyacı yox idi. Yeyib-içib kef edirdi.
Çox isti bir gün idi. Günəş şəfəq saçır, yer üzü sanki od tutub yanırdı. Varlanmış daşyonan istidən özünə yer tapmırdı. Hirsindən qışqırdı: “Mən zənginəm, heç nədən korluq çəkmirəm, amma günəş məndən güclüdür. Günəş olmaq istəyirəm”, - dedi. Mələk onu bu dəfə də günəşə döndərdi.
Günəş öz isti şüalarını yer üzünə səpələyirdi. Birdən bir bulud gəlib yerlə onun arasına girdi. Günəşin şəfəqləri artıq yerə çatmırdı. Günəş hirslənib: “Bu necə olur? Mən buluda heç nə edə bilmirəm. Bulud olmaq istəyirəm”, - deyəndə mələk onu bu dəfə də buluda çevirdi.
Bir az sonra bulud yağışa döndü. Yağış torpağa, oradan da çaylara axdı. Çayların suyu artdı. Evləri, tarlaları su basdı, heyvanları sel apardı.
Lakin sular qayalara heç nə edə bilmədi. Bulud əsəbiləşdi: “Qaya məndən güclüdür?! Qaya məndən
güclüdür?! Qaya olmaq istəyirəm”. Mələk gəldi, onu qaya elədi.
Qaya dörd bir tərəfə nəzər salıb öz əzəmətindən həzz alırdı. Amma bu, çox çəkmədi. Bir daşyonan əlində külüng gəlib ondan daş parçaları qoparmağa başladı. “Bu nədir belə, - deyə qaya hiddətləndi, - mən daşyonandan zəifəm?!”
Hayqıraraq: “İnsan olmaq istəyirəm!” - dedi. Mələk onun bu arzusunu da yerinə yetirdi. Qaya insana çevrildi. İndi o, yenə qayalardan daş yonur. İşi ağırdır, qazancı isə az. Amma həyatı sevir və özünü çox güclü sayır.