Mən ona kömək etmək istəyirdim. Bir qədər fikirləşib dedim:
- Gəl belə edək: sən evə qaç, yeməyini ye, mən isə hələlik burada sənin yerinə duraram.
Oğlan tərəddüdlə soruşdu:
- Məgər belə olar? Axı siz hərbçi deyilsiniz.
Mən duruxub qaldım: “Düz deyir də. Axı o, çavuşdur. Mənim isə heç hərbi rütbəm də yoxdur. Onu yalnız zabit postdan çıxara bilər”. Oğlana: “Bir dəqiqə gözlə”, - dedim və vaxt itirmədən parkın çıxışına sarı qaçdım.
Mən küçədə durub əsgər geyimli bir adam axtarırdım. Amma tərslikdən küçədə bir nəfər də olsun hərbçi görünmürdü. Artıq əlimi üzərək bağa qayıtmaq istəyirdim ki, birdən döngədə, avtobus dayanacağında duran zabiti gördüm. Sevincək dayanacağa tərəf qaçdım. Təngnəfəs halda özümü ora yetirəndə hərbçinin mayor olduğunu gördüm.
-Yoldaş mayor! - deyə ona müraciət etdim. - Sizin köməyiniz lazımdır.
O, təəccüblə mənə baxdı. Mən məsələnin nə yerdə olduğunu izah edəndə zabit gülümsədi və heç fikirləşmədən mənimlə parka sarı yollandı. Biz parka girib daş evi tapdıq. Oğlan həminki yerdə durmuşdu və hələ də ağlayırdı. Mən komandiri gətirdiyimi deyəndə o sevindi, qamətini düzəldib farağat dayandı.
O bunu əsl hərbçilər kimi elə cingiltili səslə dedi ki, biz ikimiz də özümüzü saxlaya bilməyib qəhqəhə çəkdik. Oğlan da bizə qoşularaq şən- şən güldü.
Biz üçlükdə bağdan çıxanda mayor əlini oğlana uzadıb:
-Afərin, yoldaş çavuş, - dedi, - səndən əsl döyüşçü çıxacaq. Sağ ol.
Sonra o, əlini alnına apararaq hər ikimizlə hərbçisayağı sağollaşıb getdi.
Mən onun balaca, çilli burnuna baxdım və düşündüm ki, belə möhkəm sözü olan oğlanı heç bir təhlükə qorxuda bilməz. Böyüyəndə isə ... Hələ məlum deyil, böyüyəndə o kim olacaq, amma tam əminəm ki, əsl insan olacaq.