Bir bağbanın həyətində yanaşı əkilmiş iki limon ağacı vardı. Bu ağaclardan biri cılız və biçimsiz, digəri şax budaqlı və qamətli idi. Böyük ağac həmişə kiçiyə lağ edir, ona yuxarıdan aşağı baxırdı. Ev sahibi də sanki balaca ağacdan naümid idi. Düşünürdü ki, bu gedişlə ağac tezliklə quruyub məhv olacaq. Məhz bu səbəbdən də kiçik ağacı çox sulamaz, ona qulluq etməzdi.
Bir gün əsən sərt külək qarlı dağların yamacındakı bir topa çiçək toxumunu bu həyətə gətirdi. Çiçək toxumları limon ağaclarının yanına gəlib onların dibində bitmək üçün icazə istədi.
Böyük ağac özündənrazı halda dedi:
- Bu, mümkün deyil. Biz susuz qalmağı xoşlamırıq. Əgər siz mənim dibimdə bitsəniz, oradakı bütün suyu özünüzə çəkib məni qurudarsınız.
Əslində, böyük ağac başqa şeydən qorxurdu. Özündən gözəl olanları onun gözü götürmürdü. Düşünürdü ki, rəngarəng çiçəklər açılanda özünün sarımtıl çiçəkləri onların yanında sönük görünəcək və bağbanın gözündən düşəcək. Naəlac qalan çiçəklər üzlərini balaca limon ağacına tutdular.
Kiçik ağac tərəddüd etmədən toxumların təklifini qəbul etdi.
Beləcə, kiçik limon ağacının yan-yörəsində cücərən toxumlar bir neçə həftə ərzində cənnət çiçəkləri kimi açıb hər tərəfə gözəllik verdi, onların ətri bütün həyəti bürüdü. Bağban hər səhər tezdən durub çiçəkləri bol-bol sulayırdı. Onların hesabına kiçik limon ağacı da bolluca su içir və sürətlə böyüyürdü.
Bir müddət keçdi. Çiçəkləri böyük məhəbbətlə qarşılayan, onlara kömək edən ağac xeyli böyüdü. Mayın sonlarında onun bolluca çiçək açmış budaqları rəngarəng kəpənəklərin məskəninə çevrildi. Kiçilərək tənha qalan digər limon ağacı isə qonşusunun paxıllığından yavaş-yavaş quruyurdu.