Yeni dərs ilinin başlanmasına bir həftə qalmışdı. Aysu bu yay tətilində bir dəfə də olsun əlinə kitab almamışdı. İşi-gücü internetdə rəfiqələri ilə yazışmaq, yeni filmlərə, musiqi küplərinə tamaşa etmək idi. Anası tez-tez deyirdi:
- Ay bala, əl çək kompüterdən, götür, bir kitab oxu.
Aysu isə cavab verirdi:
- Yaxşı da, anacan, bəs tətil nə üçündür? Mən pis iş görmürəm ki!.. Sən bilmirsən axı, müasir dövrdə internet ən zəngin bilik mənbəyidir.
Nəhayət, atası Aysunu kitaba alışdırmağın yolunu tapdı. O, qızını çağırıb dedi:
- Qızım, al bu kitabı, oxu. Əgər məktəb başlanana qədər oxuyub qurtarsan, sevdiyin müğənninin konsertinə bilet qazana bilərsən.
- Doğrudan?
- Düz sözümdür.
Aysu kitabı götürüb üz qabığına baxdı:
- Mütləq oxuyacağam, ata. Yəqin ki, maraqlı kitabdır, - deyə o, atasını əmin edib kitabı öz otağına apardı və rəfə qoydu.
Çox şirnikləndirici təklif idi. Aysu özünü konsert zalında təsəvvür edirdi. Amma bunun üçün əvvəlcə kitabı oxumaq lazım idi. Buna isə heç həvəsi yox idi. Bəlkə, bir neçə gündən sonra yalandan desin ki, oxuyub? Yox, atası elə də sadəlövh adam deyil. O, mütləq əsərin məzmununu soruşacaq
Birdən Aysunun ağlına parlaq bir fikir gəldi:
- Yaşasın internet - dünyanın ən zəngin məlumat mənbəyi! Orada istənilən məşhur əsər haqqında qısa məlumat tapmaq olar.
Ağıllı qızımız belə də etdi. İnternetə daxil olub axtarış verdi: Mark Tven, “Şahzadə və dilənçi”. Həmin dəqiqə də onlarla mənbə çıxdı. Onlardan birini açıb oxudu:
“Dilənçi Tom təsadüf nəticəsində kral sarayına düşür və burada şahzadə Eduardla tanış olur. Onlar əylənmək məqsədilə paltarlarını dəyişirlər...”