Bir məmləkətdə xeyirxah və ədalətli hökmdar var idi. Bu hökmdar vətənini çox sevirdi. Daim xalqı üçün faydalı işlər görər, hər zaman insanların rahatlığı üçün çalışardı. O, vətənpərvərliyi və fədakarlığı ilə hamının hörmətini qazanmışdı.
Bir gün hökmdar öz sarayından şəhərin ən ucqar nöqtəsinə qədər geniş bir yol saldırmaq tapşırığı verdi. Tezliklə yol çəkilib qurtardı. Hökmdar yolu insanların istifadəsinə verməzdən əvvəl bir yarış keçirəcəyini elan etdi. Belə ki, yolla əvvəldən axıra kimi ən gözəl gedən insan mükafat alacaqdı.
Ertəsi gün insanlar hökmdar sarayının qarşısına yığışdılar. Bir çoxları gözəl faytonda gəlmiş, ən bahalı paltarlarını geymişdilər. Qiymətli daşqaşlarla bəzənmiş qadınlar, kəhər atların bəzəkli yəhərləri üzərində oturmuş gənclər yarışın başlanmasını intizarla gözləyirdilər.
Nəhayət, yola çıxmaq işarəsi verildi. Hamı qalib olmaq ümidi ilə yola çıxdı. Yolun sonunda - şəhərin çıxacağındakı yüksəklikdə hökmdar kəcavədə əyləşib durbinlə yarış iştirakçılarını izləyirdi. O gəlib çatanları salamlayır və hər kəsdən soruşurdu:
- Yol necədir?
Yolçuların bir çoxu eyni sözləri deyirdi:
- Hökmdar sağ olsun, yol geniş və hamardır, lakin bəzi yerlərdə yığılmış daş və çınqıl qalaqları hərəkət etməyimizə mane olurdu.
Nəhayət, hamı gəlib keçdi. Qalibi müəyyən etmək vaxtı idi. Lakin hökmdardan səs çıxmırdı. Birdən yolda bir atlı da göründü. Hökmdar dilləndi:
- Gəlin onu da gözləyək.
Axır ki, sonuncu yolçu gəlib çıxdı. Onun üstbaşı toz-torpaq içində idi. Atdan düşüb hökmdarın qarşısında hörmətlə baş əydi.