İllər öncə bir kəndli dənizə yaxın yerdə ev və torpaq sahəsi almışdı. O, burada əkinçiliklə məşğul olmaq istəyirdi. Amma evi aldıqdan bir neçə gün sonra yaman peşman oldu. Sən demə, bu yerlərdə tez-tez fırtına olurmuş. Güclü külək ot tayalarını dağıdır, açıq pəncərələri vurub sındırırdı. Amma nə etmək olardı, olan olmuş, keçən keçmişdi, kəndli bu yerə bir ətək pul vermişdi.
Kəndlinin əkin sahəsi geniş olduğu üçün ilk işi özünə muzdlu köməkçi axtarmaq oldu. Ancaq heç kim onun əkin sahəsində işləmək istəmirdi.
Nəhayət, ortayaşlı, çəlimsiz bir adam ev sahibinin burada işləmək təklifini qəbul etdi. Kəndli bu adamı başdan-ayağa süzüb soruşdu:
- Əkin işlərində səriştən var?
- Hə, - deyə çəlimsiz adam cavab verdi, - fırtına qopanda yata bilirəm.
Adamın laqeyd və müəmmalı cavabı ev sahibini bir az düşündürdü, ancaq çarəsiz qalıb onu işə götürdü.
Bir neçə gün keçdi, kəndli başa düşdü ki, narahatlığı əbəs imiş. Muzduru çox zəhmətkeş və ağıllı adam idi, hər işi də yerli-yerində görürdü.
Bir gün bərk fırtına qopdu. Ev sahibi gecənin bir yarısı fırtınanın uğultusuna yuxudan oyandı. Elə bil evin divarları çatlayırdı. Tez muzdurun otağına qaçdı:
- Qalx, qalx! Fırtına başladı. Nə qədər ki hər şeyi dağıdıb-tökməyib, bacardığımızı eləyək.
Amma muzdur yerindən tərpənmədən təmkinlə dedi:
- Fikir verməyin, cənab, gedin, yatın. Axı işə girəndə sizə demişdim ki, fırtına qopanda yata bilirəm.
Ev sahibi işçinin bu hərəkətinə çox hirsləndi. Düşündü ki, səhər duran kimi onu işdən qovacaq. Amma indi fırtınadan qorunmaq lazım idi.
Kəndli həyətə çıxdı, saman tayasının yanına qaçdı. Gördü ki, tayanın üstü çadır parçası ilə örtülüb, üstünə da ağır dirəklər qoyulub. Tövləyə qaçdı. Mal-qaranın hamısı örüşdən gətirilib tövləyə bağlanmışdı.