Bir gün süd satmaqla məşğul olan bir adam gəmi ilə səyahətə çıxır. O, uzun müddət topladığı qızılları bir kisəyə yığıb özü ilə götürmüşdü. Tez-tez göyərtədə sakit bir yerə çəkilib dönə-dönə qızıllarını sayırdı.
Gəmi bosmanı meymununu da özü ilə götürmüşdü. Meymun göyərtədə gəzir, yelkənin dirəklərinə dırmaşır, məzəli hərəkətləri ilə sərnişinləri əyləndirirdi. Birdən o, dirəkdən tullanıb südsatanın qızıl kisəsini götürdü və dərhal dorağacına dırmaşdı... Südsatan özünə əl qatıb həyəcanla qışqırmağa başladı. Bütün dənizçilər və sərnişinlər göyərtəyə toplaşdılar. Hərə bacardığı kimi meymunu dilə tutur, onu aşağı düşürməyə çalışırdı. Meymuna ən sevdiyi yeməkləri göstərsələr də, xeyri olmurdu...
Meymununun hərəkətinə görə xəcalət çəkən bosman onun dalınca dorağacına dırmaşmaq istədi. Lakin bunu görən meymun əlindəki qızıl kisəsini dənizə doğru salladı. Sanki demək istəyirdi ki, yaxınlaşsan, qızılları dənizə ataram.
Hamının gözü meymunda idi, maraqla onu müşahidə edirdilər... Elə bu əsnada hamının təəccübünə səbəb olan bir hadisə baş verdi. Meymun kisənin ağzını açdı və bir qızıl çıxarıb dənizə atdı. Sonra ikinci qızılı çıxarıb göyərtəyə atdı. Südsatan dərhal qızılı götürdü və yalvarıcı nəzərlərlə yenidən meymuna baxdı. Meymun üçüncü qızılı dənizə, dördüncünü yenə də göyərtəyə atdı... Beləcə, o, növbə ilə bir qızıl dənizə, birini də göyərtəyə atmaqda davam etdi...
Belə çətin bir vəziyyətlə üzləşən gəmi əhli dedi:
- Meymunu güllə ilə vurmaq lazımdır. Yoxsa o, qızılların axırına çıxacaq.
Dənizçilərdən biri tüfəng gətirib meymunu nişan aldı. Lakin südsatan ona yaxınlaşıb tüfəngin lüləsini aşağı saldı və dedi:
- Qızılların yarısını gəmiyə atacaqsa, mən digər yarısını itirməyə hazıram.