İlk kompüter şəbəkəsi ABŞ-ın təhlükəsizlik məqsədilə yaratdığı virtual şəbəkə olduğuna görə ondan kütləvi şəkildə istifadə mümkün deyildi. Lakin 1991-ci il mayın 17-də bu şəbəkə ictimailəşdi və internet şəbəkəsi ilə əvəz olundu. Həmin vaxtdan bütün dünyada informasiya mübadiləsi sahəsində yeni era - internet erası başlandı. Artıq hər bir şəxs və ya təşkilat internetdə öz səhifəsini aça bilərdi. Belə səhifələrə sayt deyilir. Saytların adı WWW hərfləri ilə başlayır. Bu da ingilis dilindəki World Wide Web (dünyaya yayılmış şəbəkə) sözlərinin baş hərfləridir. Bu ifadə bəzən “dünya hörümçək toru” kimi də tərcümə olunur. W hərfinin adı ingilis dilində “dablyu” olduğundan saytların adı şifahi nitqdə “dablyu, dablyu, dablyu” ifadəsi ilə başlayır.
Sayt adlarına müəyyən ixtisar edilmiş sözlər əlavə olunur ki, bunlara domen deyilir. Bəzi domenlər sayt sahibinin hansı sahədə fəaliyyət göstərdiyini bildirir; məsələn, dövlət təşkilatları “gov” (ing. government- dövlət), təhsil təşkilatları “edu” (ing. education - təhsil), ictimai təşkilatlar “org” (ing. organization - təşkilat), kommersiya təşkilatları “com” (ing. commercial - kommersiya) ixtisarından istifadə edir
Hazırda iki milyarddan çox internet istifadəçisi hər gün bu şəbəkədəki müxtəlif saytlara daxil olaraq dünyanın istənilən yerinə məktub göndərir, multimedia jurnallarını oxuyur, istədiyi adamla söhbətləşir, araşdırmalar aparır, müxtəlif küplərə baxır, internetdən götürdüyü faylları öz kompüterinə köçürür.
İstifadəçilərinin sayının 50 milyona çatması üçün radioya 38 il, televiziyaya 13 il, internetə isə 4 il vaxt kifayət edib. Bu nəticə internetin informasiya mübadiləsində əvəzsiz vasitə olduğunu təsdiqləyir.
Fəaliyyət sahəsini göstərən domenlərlə yanaşı, coğrafi domenlər də var; məsələn, “az” domeni sayt sahibinin Azərbaycanda, “tr” - Türkiyədə, “de” - Almaniyada, “ru” - Rusiyada, “us” - Amerika Birləşmiş Ştatlarında fəaliyyət göstərdiyini bildirir.