İnternet - kompüter vasitəsilə beynəlxalq əlaqə şəbəkəsidir. Bu söz ingilis dilindəki “international" (beynəlxalq) və “network” (şəbəkə) sözlərinin birləşməsindən yaranıb. İnterneti nəhəng bir məlumat okeanına bənzətmək olar. Lakin bu okeanda hərəkət etmək, istədiyin məlumatı tapmaq və öz məlumatını bölüşmək çox rahatdır. Uzun illər ərzində minlərlə proqramçı internet istifadəçiləri üçün məlumatı saxlamaq, paylaşmaq və əldə etməyin çox əlverişli texnologiyasını hazırlamışdır. Bu gün internet dünyanın bütün ölkələrini əhatə edir və onun istifadəçilərinin sayı durmadan artır.
Virtual məlumat və əlaqə şəbəkəsi texnologiyası ilk dəfə 1969-cu ildə Amerika Birləşmiş Ştatları tərəfindən hazırlanmışdır. Həmin dövrdə dünyanın iki böyük dövləti - SSRİ ilə ABŞ arasında soyuq müharibə gedirdi. Rusiya öz süni peykini orbitə göndərərək ABŞ-dan üstün olduğunu göstərdi. Buna cavab olaraq ABŞ hökumətinin qərarı ilə orduda kompüter şəbəkəsi yaradıldı. Bu şəbəkə müasir internetin atası hesab olunur. Həmin şəbəkə vasitəsilə ilk mesaj 29 oktyabr 1969-cu ildə, saat 22:30-da göndərildi. Mesaj yalnız "Log in" kəlməsindən ibarət idi. Bu ifadə ingilis dilində “daxil ol, birləş” mənasını verir.
Beləliklə, indi hamıya yaxşı tanış olan e-mail (elektron poçt) yarandı. Bu gün “login” sözü termin kimi istifadə edilir və istifadəçinin e-mail ünvanının 1-ci hissəsini bildirir; məsələn, zeynalov@yahoo.com ünvanında “zeynalov” logindir. Burada @ işarəsi “ət” (ing. at) kimi oxunur və ingilis dilindən tərcümədə “da, də” yerlik hal şəkilçisini bildirir. Ünvanın ikinci hissəsi isə (yahoo.com, hotmail.com, rambler.ru və s.) internetdəki əlaaə-axtarış sisteminin - portalın adını bildirir.