Qədim yunanların inancına görə, bütün dünyanı uca Olimp dağında yaşayan ilahlar və ilahələr idarə edirdi. Onların arasında Fetida adlı su ilahəsi də vardı. Fetidanın oğlunun adı Axilles idi. O, uşaqlıqdan gücünə və qamətinə görə hamıdan seçilirdi. Fetida oğlunun ilahlar kimi ölümsüz olmasını istəyirdi, ona görə də onu hələ körpə ikən yeraltı səltənətdən keçən çayın sularına salmışdı. Bu çayın suyu insanın hansı yerinə dəyərdisə, bədənin həmin hissəsinə heç bir qılınc və ya ox təsir etməzdi.
Axilles ən cəsur yunan qəhrəmanlarından biri idi. Onu bütün Yunanıstanda məşhur edən isə Troya müharibəsində iştirakı oldu.
Yunanlarla troyalıların müharibəsi on il davam etdi. Böyük yunan şairi Homer bu müharibəni “lliada” əsərində təsvir edib.
Troya ordusunun başında Hektor dururdu. Yunanlarda isə ən güclü sərkərdə Axilles sayılırdı. Döyüşlərdən birində Hektor Axillesin yaxın dostunu qətlə yetirdi. Bundan qəzəblənən Axilles silahlanıb Hektorla təkbətək döyüşə çıxdı və onu məğlub etdi. Hektorun ölümündən sonra onun qardaşı Paris intiqam hissi ilə alışıb-yanır, Axilles! öldürmək üçün fürsət axtarırdı.
Axilles bir müddət sonra yenidən döyüşə girdi və öz nizəsi ilə yüzlərlə troyalının həyatına son qoydu. Döyüş zamanı Paris yayını çəkib Axillesin dabanını nişan aldı. O bilirdi ki, Axillesin bədəni istənilən ölümcül yaraya davam gətirə bilər, yalnız bir yerindən başqa. Bu da onun dabanı idi. Axı ilahə Fetida oğlunu suya salarkən onun dabanından tutmuşdu və Axillesin bədəninin bu yerinə su dəyməmişdi. Buna görə də Paris oxunu düz Axillesin dabanına yönəltdi. Beləliklə, Axilles aldığı yaradan həlak oldu.
Məhz bu rəvayət əsasında “Axilles dabanı” ifadəsi meydana gəlib. Bu ifadə bir çox xalqların dillərində “insanın zəif yeri” mənasında işlənir.