Yəqin ki, çoxunuz nə vaxtsa “Filankəs Hacı Qaradır” ifadəsini eşitmisiniz. Həmin adamın adı Hacı Qara olmadığı halda, görəsən, onu niyə belə adlandırırlar? Bəs bu Hacı Qara özü kimdir? Niyə onun adını başqalarına qoyurlar? Əgər siz dahi Azərbaycan dramaturqu Mirzə Fətəli Axundzadənin məşhur “Sərgüzəşti-mərdi-xəsis” komediyası ilə tanışsınızsa, bu suallara cavab tapa bilərsiniz. Hacı Qara həmin komediyanın baş qəhrəmanıdır. O çox xəsis, acgöz və tamahkar bir tacirdir. Müəllif əsərində onun bu xüsusiyyətlərini məharətlə açıb göstərmişdir. Hacı Qara varlı adamdır. Arvadı Tükəzin dediyi kimi, yüz il ömrü olsa, pulu tükənməz, amma öz malını nə özü yeyir, nə də ailəsinə xərcləyir. Bu adamın fikri, arzusu, məqsədi ancaq var-dövlətini artırmaqdır. Pula olan hərislik sanki onu bütün insani keyfiyyətlərdən məhrum edib, xarakterinin əsas, bəlkə də, yeganə keyfiyyətinə çevrilib. Beləliklə, Hacı Qara adı hamı tərəfindən ... rəmzi kimi qəbul olunur.
Bədii ədəbiyyatda hər hansı bir keyfiyyəti özündə qabarıq şəkildə əks etdirən obrazlar çox zaman həmin keyfiyyətin rəmzinə çevrilir; məsələn, savadsız, həyatdan geri qalmış adam haqqında bəzən: “Lap Novruzəlidir ki...” - deyirlər. Ətrafdakılar da Cəlil Məmmədquluzadənin “Poçt qutusu” hekayəsini oxumamış olsalar belə, o dəqiqə başa düşürlər ki, bu Novruzəli kimdirsə, çox avam adamdır. Həmin əsərin qəhrəmanı olan sadəlövh kəndli o qədər avamdır ki, hətta poçt qutusunun nə olduğunu da bilmir. Şəhərə, ağasına sovqat gətirən Novruzəli heç gözləmədiyi halda çox çətin vəziyyətə düşür. Ağası ona poçt qutusunun harada yerləşdiyini deyir və bir məktub verir ki, aparıb yola salsın. Novruzəli məktubu poçt qutusuna atır, amma sonra nə edəcəyini bilmir; burada durub gözləsin, ya çıxıb getsin? Axı ağası ona bu barədə heç nə deməmişdi. Bir qədər tərəddüddən sonra qərara gəlir ki, ağasının məktubunu beləcə başlıbaşına qoyub gedə bilməz. Odur ki ağacın altında oturub gözləyir. Poçt işçisi gəlib məktubları qutudan çıxaranda...