Artur özünü şəhər kənarına çatdıranda artıq turnir iştirakçıları nizə döyüşünü bitirmişdilər. İndi qılınc döyüşü başlayacaqdı. Artur əlindəki möhtəşəm qılıncı Keyə uzadaraq dedi:
-Al, qardaş, qoy bu qılınc sənə qələbə gətirsin!
Key qılıncın dəstəyindəki yazını görəndə döyüş meydanını tərk edib atasının yanına qaçdı. Ser Ektor narahatlıqla soruşdu:
- Nə oldu, Key, turniri niyə tərk etdin, yoxsa yaralanmısan?
- Yox, ata, artıq döyüşə getməyə ehtiyac yoxdur! Bax, mən Britaniya kralıyam!
Bu sözlərlə Key qılıncı atasına uzatdı. Ser Ektorun qaşları çatıldı:
- Sən bayaqdan döyüş meydanında idin. Bu qılıncı nə vaxt əldə etmisən? Düzünü de!
Bu xəbər bir andaca hər yana yayıldı. Hamı meydana axışdı. Qılıncı yerinə sancdılar. Cəngavərlər bir-bir yaxınlaşıb qılıncı daşdan çıxarmağa çalışdılar. Lakin heç biri bunu edə bilmədi. Lap axırda Artur yaxınlaşdı, əlini atıb dəstəyi tutdu və qılıncı yerindən çıxartdı.
Beləliklə, Artur Britaniyanın kralı oldu. Bundan sonra ölkədə əmin- amanlıq, xoşbəxtlik hökm sürməyə başladı. Artur güclü, qüdrətli olduğu qədər də ədalətli hökmdar idi. Onun ətrafına topladığı cəngavərlər də özü kimi rəşadətli və alicənab idilər.
Arturun qəsrindəki ən böyük otaqda nəhəng dəyirmi masa var idi. Kral başda olmaqla cəngavərlər vaxtaşırı bu masa arxasında yığışırdılar. Masa dəyirmi olduğuna görə burada nə birinci, nə də sonuncu yer var idi, bütün yerlər eyni dərəcədə şərəfli idi. Beləliklə, Arturun sarayındakı masa sanki ölkədə bərabərlik simvoluna çevrilmişdi.
İndi də dövlət başçılarının yüksək səviyyədə görüşlərindən söhbət gedərkən çox zaman görüşün dəyirmi masa arxasında keçirildiyi qeyd olunur. Əlbəttə, söhbət masanın, həqiqətən, dəyirmi olmasından yox, bu ifadənin daşıdığı rəmzi mənadan gedir. Dəyirmi masa arxasında görüş keçirməklə dövlət rəhbərləri göstərmək istəyirlər ki...