Qoca kralın ölümündən sonra qədim Britaniya ölkəsi başsız qalmışdı. Özlərini kral elan edən hersoqlar, baronlar bir-birinin torpaqlarına hücum edir, şəhərləri, kəndləri dağıdırdılar. Bunlara son qoymaq üçün kral seçmək lazım idi. Bu məqsədlə ölkənin hər yerindən adlı-sanlı adamlar Londona axışıb gəlmişdilər. Onlar əvvəl şəhər kənarında təşkil olunmuş turnirdə öz döyüş məharətlərini göstərəcək, sonra isə şəhər meydanına gəlib bəxtlərini sınayacaqdılar. Burada - meydanın mərkəzində nəhəng bir daşa qılınc sancılmışdı. Qılıncın dəstəyində qızılı hərflərlə yazılmışdı:
Turnirə gələnlər arasında qoca cəngavər ser Ektor və onun iki oğlu da var idi. Böyük oğul Key yenicə cəngavər adına layiq görülmüşdü. Kiçik oğul Artur isə qardaşının silahdaşıyam idi.
Key özü ilə döyüş qılıncı və tiyəsi sınıq bir qılınc da gətirmişdi ki, onu şəhərdə təmir etdirsin.
Nəhayət, turnir günü gəlib çatdı. Döyüşlərə baxmaq üçün camaat şəhər kənarına gəlmişdi. Elə bu vaxt Key gördü ki, döyüş qılıncı mehmanxanada qalıb, səhvən tiyəsi sınıq qılıncı götürüb. O, qardaşına yalvardı:
-Artur, mənə kömək et! Qaldığımız mehmanxanaya get, qılıncımı gətir! Hələ vaxt var. Biz əvvəlcə nizələrlə döyüşəcəyik.
Artur atını dördnala çaparaq özünü mehmanxanaya yetirdi, amma bütün qapılar bağlı idi. O, başqa bir qılınc əldə etmək üçün yaxınlıqdakı silah dükanlarına qaçdı. Hər yer bağlı idi.
Artur dükanlara baxa-baxa heç özü də bilmədi necə oldu ki, şəhər meydanına gəlib çıxdı. Gənc oğlan çox fikirləşmədən daşa sancılmış qılıncın dəstəyindən tutub var gücü ilə dartdı və onu daşdan çıxartdı.