Qədim Yunanıstanın bir hissəsi olan Spartada müdrik və eyni zamanda sərt qanunlar hökm sürürdü. Spartalılar hesab edirdilər ki, bərabərlik olmayan yerdə nizam-intizam da olmaz. Ona görə də bu məmləkətdə bütün torpaqlar və torpaqdan əldə edilən gəlir Sparta ailələri arasında bərabər bölünürdü. İnsanlar arasında paxıllıq hissi yaranmasın deyə spartalılar bir yerdə, ümumi masalar arxasında eyni qidanı yeyirdilər. Uşaqlar çox sərt qayda-qanunlarla tərbiyə edilirdilər. Onlar yeddi yaşından etibarən böyüklərdən ayrı yaşayır, qamışdan hörülmüş bərk çarpayılarda yatır, az yeyirdilər. Bütün günlərini fiziki məşqlərə, qılınc və nizə ilə döyüş bacarığının qazanılmasına sərf edirdilər. Bu yolla uşaqlarda iradə, səbir və dözüm tərbiyə edilirdi.
Çox keçmədi ki, “spartalı” sözünün özü rəmzi məna daşımağa başladı. Bu gün bir çox xalqların dillərində aza qane olan, fiziki cəhətdən güclü, bütün məhrumiyyətlərə mətinliklə dözən adamları belə adlandırırlar.
Spartalı qadınlar da güclü iradələri və təmkinli davranışları ilə seçilirdilər. Oğlunu müharibəyə yola salan ana qalxanı ona uzadaraq deyirdi: “Qalxanla, ya da qalxan üstə”, yəni “ya qalib ol və əlində qalxan qayıt, ya da döyüşdə həlak ol və səni qalxanın üstündə gətirsinlər”. (O dövrdə döyüşdə yaralananları və ölənləri daşımaq üçün qalxandan xərək kimi istifadə edirdilər.) Yüksək bədii obrazlılığı ilə seçilən bu ifadə indi də bir çox dillərdə işlədilir.
Yeri gəlmişkən, “yığcam danışıq tərzi” mənasını verən “lakonizm” sözü də Sparta ilə əlaqədardır. O dövrdə Spartada insanlar yaşadıqları kimi də danışırdılar. Uzunçuluğa və boşboğazlığa ikrahla yanaşan spartalıların nitqi qısa və qəti olurdu. Sonralar belə danışıq tərzini Spartanın yerləşdiyi Lakoniya əyalətinin adı ilə “lakonizm” adlandırmağa başladılar.
Spartalıların lakonizminə ən gözəl nümunə onların Makedoniya kralı II Filippə cavabı olmuşdur.
Demək olar ki, bütün Yunanıstanı ələ keçirmiş II Filipp indi də Spartaya hücum etməyə hazırlaşırdı. Lakin o, spartalıların döyüşkənliyindən çəkinirdi. Buna görə də əvvəlcə onlara hədə-qorxu dolu bir məktub göndərdi: