Hər birimiz fikrimizi əsaslandırmaq üçün tez-tez atalar sözlərinə, məsəllərə müraciət edirik. Lakin araşdırmalar göstərir ki, dilimizdə işlənən bir çox ifadələr müasir dövrümüzə dəyişmiş, təhrif olunmuş şəkildə gəlib çatmışdır.
Məsələn, dilimizdə belə bir ifadə var: “İlanın zəhləsi yarpızdan gedər, o da gəlib yuvasının ağzında bitər”. Xoşumuz gəlməyən bir varlıq daim qarşımıza çıxanda bəzən bu məsəli işlədirik. Mahmud Kaşğarinin məşhur “Divanü lüğat-it-türk” əsərində bu ifadə belə işlənmişdir: “Yılan yarbuzdan qaçar, qança barsa, yarbuz ötrü gəlir” (“İlan yarpızdan qaçar, hara getsə, yarpız qarşısına çıxar”).
Məlum olduğu kimi, ilan quru, susuz yerlərdə yaşayır, yarpız isə, adətən, rütubətli yerlərdə bitir. Belə olduqda sual yaranır: ilanla yarpızın nə əlaqəsi? Doğrudanmı, ilanın yuvası qarşısında yarpız bitir?
Məsələ burasındadır ki, qədimdə “yarbuz” sözü heyvan adı bildirirdi. Hazırda həmin heyvan manqust adlanır. Bu yırtıcı heyvan quş, ilan və xırda gəmiricilərlə qidalanır. O, saatlarla ilanın yuvası ağzında sakitcə durur və ilan yuvadan çıxan kimi onu tutub yeyir. Buna görə də manqust ilanın qənimi sayılır. Kaşğari də öz lüğətində “yarbuz” sözünü məhz manqust mənasında işlətmişdir. Zaman keçdikcə bu söz köhnələrək leksikamızdan çıxmışdır. İfadədəki “bitmək” feili isə bəzən “durmaq” mənasında da işlənir: “Nə bitmisən gözümün qabağında?" Qədim “yarbuz” (heyvan) sözünün “yarpız” (bitki) sözü ilə oxşarlığı məsəlin təhrif olunmasına gətirib çıxarmışdır.
Birisi nitqində tez-tez “bəlkə” sözü işlədəndə bəzən ona deyirlər: “Bəlkəni əkiblər, bitməyib”, yəni “bəsdir ehtimallarla danışdın, şübhə etmək vaxtı deyil”. Bu qəribə məsəl maraqlı bir “söz oyunu” əsasında yaranmışdır. Burada, əslində, “bəlkə” sözü “bəlgə” sözü ilə qarışdırılmışdır. Bəlgə əkinlərin arasında boş qalan, əkilməyən yerdir. Bu yer əkilsə də, çox tapdandığı üçün heç nə bitməz. “Bəlgəni (bəlgə yerini) əkiblər, bitməyib” ifadəsindəki “bəlgə” sözü sonradan “bəlkə” ilə əvəzlənmişdir.