Dilimizdə elə ifadələr var ki, onların mənası ilə həmin ifadəyə daxil olan sözlərin mənası arasında əlaqə olmur; məsələn, “dağı dağ üstə qoymaq” ifadəsi “hünər göstərmək” mənasında işlənir. Bu ifadənin “dağ” sözü ilə birbaşa məna əlaqəsi yoxdur. Bir çox belə ifadələr müəyyən rəvayət və ya lətifə ilə bağlıdır.
Şeirin qol-qabırğasını sındırma!
Kimsə hər hansı bir şeiri yarımçıq, təhrif olunmuş şəkildə deyərkən onu qınayaraq deyirlər: “Şeirin qol-qabırğasını sındırdın”. Bu ifadənin meydana çıxması maraqlı bir rəvayətlə bağlıdır.
Rəvayətə görə, məşhur fars-tacik şairi Sədi Şirazi bir gün yol ilə gedirmiş. Birdən yol kənarında bir kərpickəsən kişinin onun şeirlərini alayarımçıq, necə gəldi zümzümə etdiyini eşidir. Şair bir söz deməyib kişinin qurutmaq üçün yol qırağına düzdüyü çiy kərpiclərin üstünə çıxır və onları tapdalamağa başlayır.
Kərpickəsən bunu görüb hay-həşir salır:
-A kişi, dəli olmusan?! Bu yazıq kərpiclərin günahı nədir ki, onların qol-qabırğasını sındırırsan?! Axı mən bunlara xeyli zəhmət çəkmişəm!
Sədi cavabında deyir:
- Bəs mənim o yazıq şeirlərimin təqsiri nədir ki, sən onların qol-qabırğasını elə sındırırsan? Məgər mən onların üzərində zəhmət çəkməmişəm?!
Bəzən insan söhbət zamanı mövzudan asılı olmayaraq öz fikrində tutduğunu deyəndə “karın könlündəki” ifadəsi işlənir. Bu ifadə ilə bağlı belə bir əhvalat var.
Ağır eşidən bir adam xəstə qohumunu yoluxmağa gedirmiş. O, yolla gedə-gedə xəstəyə verəcəyi sualları və alacağı cavabları götür-qoy edir. Öz-özünə düşünür: “Mən xəstənin yanına gedib salamlaşdıqdan sonra ondan özünü necə hiss etdiyini soruşacağam. Yəqin ki, o, vəziyyətinin yaxşı olduğunu söyləyəcək. Mən cavabında “Şükür Allaha” deyəcəyəm və xəbər alacağam ki, onu hansı həkim müalicə edir.