Bu xiyabandakı 40-cı məzarın üzərində yaraşıqlı bir gəncin şəkli var. Şəklin altında
həkk olunmuşdur:
Ülvi Bünyadzadə
23 sentyabr 1969-cu il - 20 yanvar 1990-cı il
20 Yanvar gecəsi vətənimizin azadlığı uğrunda canından keçmiş Ülvi Bünyadzadənin on üç yaşında ikən
yazdığı bir şeir belə misralarla bitir:
Həyat üçün doğulmuşuq,
Vətən üçün ölməliyik.
Bu misralar qəlbində vətən məhəbbəti daşıyan bütün gənclərin həyat kredosu ola bilər. Axı insan yaşamaq
üçün doğulur, arzular, xəyallar qurur, bunlara çatmağa çalışır,
həyatdan zövq almaq istəyir. Ancaq
vətənə gərək olarsa, düşünmədən, tərəddüd etmədən hamısından imtina edir. Vətən uğrunda canından keçir.
Bu fikri altıca sözlə ifadə edən balaca şairin böyük amalı və onun
müqəddəs ruhu qarşısında yalnız baş
əymək olar.
Dilrüba Nurəddinqızı
Söz ehtiyatı
5.
Sonuncu abzasda verilmiş kredo sözünün mənasını izah edin. Onu həmin abzasda göy rənglə verilmiş hansı sözlə əvəz etmək olar?
Araşdırma
6.
Mənbələrdən Ülvi Bünyadzadə haqqında məlumat toplayıb məruzə hazırlayın.
Düşün və cavab ver
7.
Mətndə verilmiş şeir parçalarından aldığınız təəssürat, gəldiyiniz nəticələr barədə danışın. Sizcə, bu misraları təsirli edən nədir?
8.
İndiyə qədər oxuduğunuz, dinlədiyiniz əsərlərdə hansı misraları “qanadlı” adlandırardınız? Seçiminizi izah edin.
9.
Aşağıdakı mətni diqqətlə oxuyun. Orada əks olunmuş fikri yığcam və təsirli ifadə etməyə çalışın.
İnsan danışarkən hər sözünü götür-qoy etməli, yüz ölçüb bir biçməlidir. Hərdən ehtiyatsız, uğursuz
deyilmiş söz böyük faciələrə, qan tökülməsinə səbəb olur. Dərindən düşünülmüş söz isə bəzən münaqişələrə
son qoya, tərəfləri barışığa gətirə bilər.
İndi isə kitabı tərsinə tutun və klassik ədəbiyyatımızda bu fikri əks etdirən
misraları oxuyun, öz variantınızla müqayisə edin.
Söz var,kəsdirər başı,
Söz var,kəsər savaşı...(Ş.L.Xətai)