Dərs ilinin əvvəlində sinfimizə Zaur adlı təzə şagird gəlmişdi. O, ailəsi ilə birgə Gürcüstandan Bakıya köçmüşdü. Bir dəfə tənəffüsdə Zaurun telefonla bizim anlamadığımız dildə danışdığını eşitdik. Ona təəccüblə baxdığımızı görüb gülə-gülə dedi:
- Dostum Şota idi. Tbilisidən zəng etmişdi.
- Sən gürcü dilini bilirsən?
- Əlbəttə, axı mən anadan olandan Gürcüstanda yaşamışam.
- Yaxşı, gürcü dilində de: “İndi zəng vurulacaq .
Zaur anlaşılmaz bir şey dedi və bu vaxt, doğrudan da, zəng vuruldu. Başımız elə qarışmışdı ki, Aydın müəllimin gəldiyini hiss etmədik. O, söhbətin nədən getdiyini biləndə dedi:
- Deməli, Zaur öz doğma dili ilə yanaşı, başqa bir dildə də danışa bilir. Bu çox yaxşıdır. İnsan nə qədər çox dil bilsə, bir o qədər çox adamla sərbəst ünsiyyətdə ola bilir. Ancaq bir dil də var ki, onu hamı bilir və istifadə edir. Bu, jestlər və mimikalar dilidir.
Uşaqlar təəccüblə bir-birinin üzünə baxdılar. Aydın müəllim gülümsəyərək sözünə davam etdi:
- İndicə çoxunuz həmin dili işlətdiniz. Leyla qaşlarını qaldırmaqla təəccübləndiyini ifadə etdi. Zaur çiyinlərini çəkməklə tərəddüdünü bildirdi. Kərimin başını qaşıması isə onun fikrə getdiyini göstərdi. Mimika - üz əzələlərinin hərəkətləridir. Onlar insanın hiss və həyəcanını əks etdirir. Fikir vermisinizmi, çox vaxt adamlar bir kəlmə belə deməsələr də, biz onların şad, kədərli, hirsli, fikirli olduğunu duyuruq. Bunları bizə həmin adamların üz cizgiləri - alın, qaş, göz, ağız, dodaqlar deyir.
Kərim əlini qaldırıb soruşdu:
- Bəs jest nədir, müəllim?
- Jest müəyyən duyğu, istək, münasibət bildirən əl-qol hərəkətləridir. Elə indicə sən əlini yuxarı qaldırdın və mən başa düşdüm ki, söz demək üçün icazə istəyirsən.
Aytac soruşdu:
- Deməli, Yer üzündəki bütün insanlar jestlərin köməyi ilə bir-birini başa düşə bilərlər?