Təpəl artıq Orxanın bütün əmrlərini başa düşür, onları həvəslə yerinə yetirirdi. Əvvəlcə onlar bir-iki kilometr gəzir, evə qayıdanda isə Orxan ayağının ağrısından ufuldayırdı. Lakin bir aydan sonra özü də hiss etmədən Təpəllə rahatca üç-dörd kilometr gəzirdi.
Bir dəfə axşam onlar yenə də parkda gəzirdilər. Orxan balaca tennis topunu çəmənliyə atır, Təpəl hoppanaraq topu ağzı ilə götürür, Orxana gətirirdi. Birdən necə oldusa, top parkın yanından keçən maşın yoluna düşdü. Təpəl aramsız şütüyən avtomobillərə fikir vermədən yola doğru qaçdı. Hədsiz dərəcədə həyəcanlanan Orxan:
- Dayan, Təpəl! - deyib onun arxasınca yüyürdü.
Lakin ayağına bağlanmış dəmir dayaq çox getməyə imkan vermədi. Dörd-beş addım atmışdı ki, yerə yıxıldı. Ayağa qalxmağa çalışsa da, qalxa bilmədi. Deyəsən, metal dayaq qırılmışdı.
Orxanın qışqırığını eşidən Təpəl tez geri dönüb onun yanına gəldi. Dostunun yanında həyəcanla ora-bura vurnuxaraq hürməyə başladı.
Parkda gəzişən tanış həyət uşaqları bu səhnəni görüb köməyə tələsdilər. Biri isə Orxangilə qaçdı ki, valideynlərinə xəbər versin.
...Yarım saat sonra Orxan, atası və anası həkimin otağında idilər. Təpəl də burada idi. Deyəsən, o özünü günahkar hiss edirdi. Bir küncə qısılıb gah həkimə, gah da çarpayıda uzanmış Orxana baxırdı.
Həkim ehmalca dəmir dayağı açdı və əli ilə Orxanın ayaqlarını yoxladı. Onun üzündə təəccüb ifadəsi var idi:
- Bir ayağa qalx görüm.
Orxan çarpayıdan düşüb ayaq üstə durdu.
- İndi qapıya tərəf get.
Orxan qapıya tərəf getdi. O axsamırdı, ayağında heç bir ağrı hiss etmirdi. Ata ilə ananın sevincinin həddi-hüdudu yox idi.
- Deyəsən, fiziki tərbiyə ilə məşğul olmağa başlamısan, - deyə həkim gülümsədi.
Orxan utancaq səslə: