Orxanda sümük xəstəliyi vardı. Böyüdükcə bu xəstəlik özünü daha kəskin şəkildə büruzə verirdi. O, ayaq üstə çətinliklə durur, yeriyəndə axsayırdı. Həkimlər ayağına metal dayaq qoymuşdular ki, sümüyə çox güc düşməsin. Onların dediyinə görə, bu xəstəlikdən xilas olmağın ən yaxşı yolu dərmanlarla yanaşı, gündəlik masaj və fiziki məşğələlər idi. Lakin Orxan dərmanları qəbul etsə də, fiziki məşğələlərdən imtina edirdi. Hər dəfə ayağının ağrıdığını dedikdə ata-anasının ürəyi yumşalır, onu gəzməyə məcbur edə bilmirdilər. Bir dəfə məktəbdən qayıdarkən Orxan yolda bir küçük gördü. Ağ-qara rəngli çox qəşəng bir küçük idi. Amma axsayırdı, bir ayağını qaldırıb üç ayağı üzərində gəzirdi. Orxan fit çalıb küçüyü çağırdı. Yaxınlaşanda əyilib onu tumarladı. Küçük də təşəkkür əlaməti olaraq boynunu mehribancasına Orxanın dəmir dayaqlı ayağına sürtdü. Orxan itlə danışmağa başladı:
Onlar parkın içi ilə Orxangilin evinə doğru irəlilədilər.
Orxanın anası əvvəlcə küçüyü narazılıqla qarşıladı. Lakin sonra özünün də bu mehriban küçükdən xoşu gəldi. Orxana dedi:
- Gəl onu baytara aparaq. Görək ayağını sağalda bilirikmi?!
Baytar küçüyün ayağını rentgenə saldıqdan sonra dedi:
- Sümüyü bir neçə yerdən sınıb. İndi mən onları bitişdirib ayağını sarıyaram. Amma çalışın, onu gəzdirəsiniz ki, əzələləri zəifləməsin. Əvvəlcə az-az, sonra gəzinti vaxtını çoxalda bilərsiniz.
O gündən Orxan hər gün axşam küçüyü ilə parka çıxıb gəzirdi. O, sevimli dostu ilə söhbət edir, anasının verdiyi kolbasa-çörəyi onunla bölüşürdü. Ona ad da qoymuşdu: Təpəl.