Zəng edən Səlimin anası Gülnaz xala idi. O, Mustafa ilə anasını xəstəxananın qarşısında gözləyirdi. Onları çox təlaşlı görüb sakitləşdirməyə tələsdi:
- Kişi indi əməliyyatdadır. Daha təhlükə sovuşub, narahat olmayın.
- Gülnaz, bəs sən haradan bildin? - deyə Mustafanın anası soruşdu.
Gülnaz xala yanında sakitcə dayanmış oğlu Səlimi göstərib dedi:
- Səlim məktəbdən gəlib televizora baxırdı. Birdən qayıtdı ki, bəs deməzsənmi, xəstəxanada bir yaralının qana ehtiyacı var. Dedi ki, onda da həmin qan qrupudur. Əl çəkmədi ki, dur gedək, mən qan verim. Elə bil uşağın ürəyinə damıbmış ki, dostunun atasıdır. Tez bura gəldik. Uşaq olduğuna görə Səlimdən qan götürmək istəmirdilər, amma o, iki ayağını bir başmağa dirədi ki, almalısınız, vəssalam. Başqa donor yox idi deyə həkimlər razılaşdılar... Yaralının kim olduğunu bilmirdik. İçəridən çıxandan sonra Səlim dedi ki, Mustafanın atasıdır.
Mustafanın anası Səlimin avazımış üzündən öpdü və dedi:
- Allah ürəyincə versin, oğul. Sən olmasaydın, dostun atasız qala bilərdi. Elə indicə Mustafa ilə sənin haqqında danışırdıq. Ürəyimiz bir imiş.
Bunu deyib ana oğlunun üzünə baxdı. Mustafa başını aşağı saldı...
I qrup: Mətndə oxuduğunuz məlumatlardan istifadə edərək televiziya ilə verilən elanın mətnini elə dəyişin ki, daha təsirli olsun.
II qrup: Mustafa ilə Səlimin gələcək münasibətləri haqqında kiçikhəcmli hekayə yazın.
III qrup: Səlim obrazını baş qəhrəman kimi təqdim etməklə mətni yenidən yazın. Yazdığınız hekayədə hadisələr Səlimin dili ilə verilməli, onun düşüncələri əks olunmalıdır.
IV qrup: “Dost dar gündə tanınar” mövzusunda inşa yazın.