İki aydan sonra sarğılar açılan zaman məlum oldu ki, Qlenin ayaqları sağalmağa doğru gedir. Lakin onun bir ayağı digərindən 6 sm qısa idi və sol ayaqda, demək olar ki barmaqlar qalmamışdı. Amma oğlan inadından dönmürdü. Ağrıdan qovrulmasına baxmayaraq, hər gün yataqda uzandığı halda idman hərəkətləri edirdi. Bir müddətdən sonra isə o, gündə iki-üç addım atmağa başladı. Xəstəxanadan çıxan Qlen bir neçə ay qoltuqağacları ilə gəzdi və fiziki məşğələləri davam etdirdi. Nəhayət, iki ildən sonra Qlen müstəqil yeriməyə, hətta qaçmağa başladı.
O qaçır, qaçır və qaçırdı. Sanki xəstəxanada çəkdiyi acılardan mümkün qədər uzaqlaşmağa çalışırdı. Az sonra məlum oldu ki, Qlen başqalarından daha sürətlə qaçır. Özündəki bu bacarığı hiss edən oğlan idman yarışlarında iştirak etməyə başladı. Qlen Kanzasın, sonra isə ABŞ-ın qaçış üzrə çempionu oldu.
X Yay Olimpiya Oyunlarında 23 yaşlı Qlen Kaningem 1500 metrlik məsafəyə qaçış üzrə 4-cü yeri tutdu.
1934-cü ildə Qlen 1 mil məsafəni 4:06 dəqiqəyə qaçaraq yeni dünya rekorduna imza atdı. Bir neçə il sonra isə o, 800 metrlik məsafəyə qaçışda rekord vurdu.
1940-cı ildə Qlen idmandan getdi. Onun qaçış üzrə rekordları çox son- ralar başqa bir atlet tərəfindən təzələndi.
Beləliklə, vaxtilə kəsilməyə məhkum edilmiş ayaqları Qlen Kaningemə neçə-neçə dünya rekordu qazandırdı və onu məşhurlaşdırdı. Bütün bunlar onun ağlasığmaz iradəsi, özünə inamı nəticəsində baş verdi.
Hazırda Qlen Kaningemin anadan olduğu Elxart şəhərində onun adını daşıyan park var. Kaningemi hələ öz sağlığında “Elxart ekspres", “Kanzasın polad atı”, “Dünyanın ən sürətli adamı” adlandırırdılar. O, “XX əsrin idmançısı” adını qazanmış nadir atletlərdən biridir.