Uğursuzluq qismət deyil. Uğurun sonu yoxdur. Hər şeyi iradə həll edir.
Bir vaxtlar ABŞ-ın Kanzas ştatında Qlen adlı bir oğlan yaşayırdı. Səkkizyaşlı Qlen Kaningem evlərinin yaxınlığındakı məktəbdə oxuyurdu.
O zamanlar qış aylarında məktəbi odun sobası ilə qızdırırdılar. Hər sinifdə növbətçi şagird hamıdan əvvəl gəlib otaqdakı sobanı yandırırdı ki, dərs başlanana qədər sinif otağı isinsin.
1917-ci ilin soyuq qış günü idi. Həmin gün Qlen sinifdə növbətçi idi. O, səhər tezdən gəlib odunları sobaya yığdı. İçində ağ neft saxlanılan şüşəni götürüb oradakı mayenin yarısını odunların üstünə tökdü və kibriti çəkdi... Elə bu zaman dəhşətli partlayış baş verdi. Bir anın içində hər yeri alov bürüdü. Sonradan məlum oldu ki, şüşənin içindəki neft yox, benzin imiş.
Qlen özünə gələndə şəhər xəstəxanasında idi. Onun sağ qalması möcüzə idi. Amma Qlenin diz və baldır nahiyəsində əti tamamilə yanmış, üstəlik, pəncə sümüyü də əzilmişdi.
Həkimlər Qlenin valideynlərinə deyirdilər ki, uşağın ayaqlarını mütləq kəsmək lazımdır, yoxsa o, sağ qalmaz. Lakin Qlenin necə stress keçirdiyini görən valideynləri buna razı olmurdular. Ruhi sarsıntı içində olan ata-ana hər gün həkimlərdən amputasiyanı təxirə salmağı xahiş edir və gecələr yatmadan Allaha dua edirdilər ki, Qlen sağalıb ayağa dursun. Beləcə, iki ay keçdi. Bu iki ay ərzində hər gün həkimlərlə valideynlər arasında mübahisə düşürdü. Qlen və valideynləri sağalmağa ümidlərini itirmirdilər.