...On dörd il sonra.
Nəhayət, hamı dağılışdı. Ramin divanda, anasının yanında oturub onun boynunu qucaqladı, ağarmış saçını sığalladı:
-Atamın yeri həmişə görünəcək. Amma sən də özünü çox sıxma, ana. Həyatdır, nə etmək olar?! İstəyirsən, ailə albomumuza baxaq, ikilikdə onu yad eləyək.
-Yaxşı olardı. Atanın dolabındadır. Gətir bura.
Ramin dolabı açıb albomu götürəndə gözü alabəzək bir torbaya sataşdı. Torba ona tanış gəldi. Əlinə alanda içində nə isə şaqqıldadı.
-Ana, bu nə torbadır belə? Çox tanış gəlir.
Anası torbaya baxıb gülümsündü:
- Hə, yadına düşmədi? Bilsəydin, bu torba sənin həyatında necə rol oynayıb, sənin xarakterini necə dəyişdirib, onu unutmazdın.
- Dayan, dayan, - deyə Ramin uşaqlıq xatirələrini beynində canlandırmağa çalışdı. - Nə isə yadıma düşür... Qırmızı şar... mavi şar...
Ramin torbanın ağzını açıb üzüaşağı çevirdi. Divanın üstünə səkkiz qırmızı şar düşdü.
-Aaaa... Axı atam demişdi ki, torbada dörd qırmızı, dörd mavi şar var. Elə də var idi. O mənə mavi şarları göstərmişdi.
Anası torbanın astarını çevirib dibini göstərdi:
- Görürsən, torbanın ikinci dibi var. Bu balaca zənciri dartmaqla ikinci cibi açırıq və oradan nə çıxır? Dörd mavi şar. Bu oyunu səninlə oynamaq üçün o, bir ay çalışmışdı. Xüsusi torba tikdirmişdi. Birfokusçu tanışı ilə xeyli məşq etmişdi. Hə, Ramin, sənin atan elə-belə adam deyildi...
Ramin mavi, qırmızı şarları ovcuna aldı. Anası göz yaşlarını görməsin deyə üzünü yana çevirdi.